Təlim nəticəsi 4. Qoyun tövləsinə olan tələblər, tövlənin
təchizatı
Qoyunların daimi olaraq tövlədə saxlanmasına tələbat az olsa da, belə hallar mövcuddur. Burada ən əsas tövlənin iqliminə, yəni havasına diqqət yetirmək lazımdır. Çox vaxt qoyunlar üçün tövlələr lazım olduqda mövcud tövlə qoyunların saxlanması üçün yenidən uyğunlaşdırılaraq istifadə edilir. İqlim şəraiti dedikdə üstünlük təşkil edən hava cərəyanı, temperatur, havanın rütubətliliyi, havanın hərəkəti, ammonyak kimi zərərli qazlar və s. nəzərdə tutulur. Bu iqlim faktorları müntəzəm olaraq heyvana təsir edir və bununla heyvanın sağlamlığında başlıca rol oynayır. Xəstəliklərə qarşı öncədən profilaktika və xəstəliyə yoluxma riskini mümkün qədər azaltmaq üçün yaxşı hava şəraiti ilə yanaşı, quru döşəmə və saman səpilməsinə, tövlənin müntəzəm təmizlənməsinə, dezinfeksiya kimi gigiyenik tədbirlərin aparılmasına və düzgün yemləməyə diqqət yetirmək lazımdır.
Heyvanlara gündəlik nəzarət etməklə, eləcə də heyvanları müntəzəm baytar həkimi müayinəsindən keçirməklə dəyişiklikləri vaxtında müəyyən edib, yaranmış problemləri vaxtında və tez həll etmək tələb olunur. Ən tez-tez rast gəlinən və heyvanların növünə uyğun saxlama forması yaxşı samanlanmış sərbəst gəzinti tövləsidir. Gündəlik olaraq tövlənin döşəməsinə saman səpilməlidir ki, peyin qalığından ibarət qat əmələ gəlsin. Tövlə yeri samanlanarkən nəzərə almaq lazımdır ki, yeyilən ot heyvanların altına səpilməsin. Qış aylarından sonra, yazda peyinin çölə çıxarılması üçün traktorun sərbəst hərəkət edə bilməsi məqsədilə lazımi səviyyədə yer olmalıdır. Çünki qalın peyin qatının əl ilə çölə daşınması çətinlik yaradır. Tövlədə yem axurları, su qabları və sədlər hər bölmə üçün qoyunların sayı nəzərə alınaraq yerləşdirilməlidir.
Tövlədə qoyunların yatması üçün döşəmə yumşaq və isti olmalıdır. Bunun üçün ən çox istifadə olunan üsul qalın samanlama sistemidir. Saman o qədər tökülür ki, qoyunların yatma sahəsi samandan görünmür. Bununla döşəmənin istilik saxlama qabiliyyəti və quruluğu təmin olunur.