Təlim nəticəsi 3. Ölkə və region üçün mühüm qoyun cinsləri
Ölkəmizdə 35 damazlıq qoyunçuluq təsərrüfatı mövcuddur. Respublikamızda Mil-Qarabağ, Balbas, Mazex, Bozax, Şirvan, Gödək, Ləzgi, Caro, Yeni Abşeron, Azərbaycan dağ merinosu qoyun cinsləri qorunub saxlanmaqdadır. Qarabağ qoyunu Mil- Qarabağ, Ləzgi qoyunu Şəki-Zaqatala, Bozax qoyunu Gəncə-Qazax, Şirvan qoyunu Kür-Araz və Abşeron, Gödək qoyunu Quba-Xaçmaz, Caro qoyunu Lənkəran, Herik qoyunu Şəki-Zaqatala bölgəsində, Mazex və Balbas qoyunu Naxçıvan Muxtar Respublikasında yayılmışdır. Respublikada yetişdirilən qoyunların 29,5 faizi Aran iqtisadi rayonundadır. 23 may 2011- ci il tarixdə daha iki qoyun cinsi – Abşeron və Mil- Qarabağ qoyun cinsləri təsdiq edilmişdir. Beləliklə, Azərbaycanda yetişdirilən, qoyunçuluq üçün genofond sayılan cinslərin sayı 13-ə çatdırılmışdır. Qeyd etməliyik ki, bu cinslər xarici ölkələrdə yetişdirilən qoyun cinsləri ilə müqayisədə davamlı cinslərdir.
Azərbaycan ET Heyvandarlıq İnstitutunun Yardımçı Təcrübə Təsərrüfatında Bozax, Abşeron, Mil-Qarabağ, Azərbaycan dağ merinosu qoyun cinslərinin biolojitəsərrüfat xüsusiyyətlərinin öyrənilməsi (cədvəl 1), Ləzgi qoyunlarının bərpası istiqamətində Şəki- Zaqatala bölgəsində elmi-tədqiqat işləri aparılır. Azərbaycan dağ merinosu qoyun cinsinin qorunub saxlanması istiqamətində aparılan işləri planlı surətdə həyata keçirmək üçün bir sıra, o cümlədən cinsin dağ və dağətəyi bölgələrdə (Şəmkir, Qazax, Gədəbəy, Şəki- Zaqatala) yetişdirilməsi, cinsin yaxşılaşdırılması məqsədilə Stavropol vilayətində “Vostok” damazlıq zavodunda yetişdirilən Şimali Qafqaz ətlik-yunluq cinsi və Ukrayna Respublikasında “Askani-Nova” damazlıq zavodunda yetişdirilən Askani yunluq-ətlik cinsin törədici qoçlarının gətirilməsi, istehsal olunan məhsulun ixracı üçün fermerlərə dövlət dəstəyi və başqa tədbirlərin aparılması təklif edilir.