2.1.1 Qoyunların qırxımı
Qoyunların ildə bir dəfə qırxılması üçün ən optimal vaxt yaz fəslidir. Çünki iqlim dəyişikliyinin qırxılmış qoyuna mənfi təsiretmə ehtimalı azalır. Qoyunlar qırxımdan sonra soyuğa və günəş şüalanmasına qarşı çox həssas olurlar. Bu baxımdan hava şəraiti hər bir halda nəzərə alınmalıdır.
Açıq şəkildə saxlanan qoyunlarda qırxım zamanı yunun qalınlığı heyvanların saxlanma şəraiti və iqlimə əsasən nəzərə alınmalıdır.
2.1.2 Hərəkət
Qoyunların bir yerə bağlanmış şəkildə saxlanılması düzgün deyil. Heyvanların çölə çıxması və hərəkəti lazımi səviyyədə təmin olunmalıdır. Heyvanların müdafiəsi qanununa görə, qoyunların ildə azı 90 gün çölə çıxması təmin edilməlidir. Bu müddətin 30 günü qışda yemləmə zamanına aiddir. Hər bir halda heyvanların çölə çıxması, örüşdə otarılması sağlamlıq, bədən quruluşu və məhsuldarlıq baxımından vacibdir.
2.1.3 Boğaz, ana qoyunlar və quzular
Balalamaya az qalmış boğaz qoyunların vəziyyətinə gündə iki dəfə nəzarət edilməlidir. Onların balaverməsi qış dövrünə düşmürsə, tövlədə nəzarət altında saxlanılmalıdır. Lakin böyük sürülərdə bu iş daha çox vaxt və əmək sərf etdiyindən balaverməyə az qalmış boğaz qoyunların sürüdən ayrılması aparılmır. Yeni doğulmuş quzular ətraf mühitin təsirlərinə çox həssasdırlar. Doğumdan sonra ilk iki həftə ərzində həmin quzuların tövləyə, yaxud sığınacağa girə bilməsi üçün imkan yaradılmalıdır. İki həftədən sonra həmin quzulara quru ot, yaxud başqa uyğun qaba yem verilməlidir. Samanla yemləmə kifayət etmir.
2.1.4 Saxlama qaydaları haqqında
Qoyun sürü şəklində saxlanılır və tək saxlanması tövsiyə olunmur. Yalnız xəstəlik halında yaxud balavermə zamanı qısa müddətli sürüdən ayrı saxlana bilər, sonra öz həmcinslərinə qatılmalıdır. Həmçinin qoyunların sabit bir yerə bağlanması məqsədəuyğun hesab olunmur. Onlar həvəslə bir birinin yanında yatırlar yaxud dayanırlar, əlbəttə ki, bunun üçün heyvanların sayına və növünə uyğun kifayət qədər yeri olmalıdır.