Qışda havaların soyuq keçməsi və otlaq sahələrinin bitki örtüyünün zəifləməsi baxımından qoyunların tövlədə saxlanması tövsiyə olunur. Həmçinin tövlə şəraiti də elə təchiz edilməlidir ki, qoyunların cinsinə uyğun sərbəst hərəkəti və bəslənməsi, özünü yaxşı hiss etməsi üçün lazımi şərait olsun.
Qoyunlar sürü şəklində saxlanan heyvanlardır. Elə bu baxımdan da onların qrup şəklində saxlanması vacib hesab edilir.
Heyvanların sağlamlığının qorunması baxımından fermerlər qoyunları çöldə saxlayan zaman onlara daim nəzarət etməlidirlər. Hər şeydən öncə qışda gecələr şaxta olanda və yaxud yayda bürkü dövrü başlayanda nəzarəti artırmaq tələb olunur.
Qoyunlar təbii tələbatlarını sərbəst hərəkət etmək və otlama ilə daha yaxşı ödəyə bilirlər. Təmiz, oksigenlə zəngin havada onlar özlərini çox yaxşı hiss edirlər. Qoyunlar quru havaya bürküyə nisbətən daha yaxşı uyğunlaşırlar. Küləkli yağışlı hava şəraitində qoyun çox islanarsa, islanmış qoyunu bağlı şəraitdə saxlamaq olmaz. Bu, heyvanların tələfatı ilə nəticələnə bilər. Yunun qapalı şəkildə quruması ucbatından tövlələrdə yay aylarında bürkülü hava şəraiti yaranır ki, bu da qoyunun nəfəs almasını çətinləşdirir.
İlboyu qoyunların açıq şəkildə saxlanması heyvanların müdafiəsi baxımından aşağıdakı tələblər ödənildikdə mümkündür:
Qışda pis hava şəraitindən müdafiə
• Bütün heyvanların həddən artıq soyuq havadan, yaxud istidən qorunması üçün üstüörtülü yer olmalıdır. Köç şəklində olan qoyun sürülərində bu, çobanın planlaşdırmasından asılıdır.
• Qış mövsümündə bütün heyvanlar üçün, xüsusilə şaxtalı havalarda tövlə nəzərdə tutulmalıdır.
• Bütün açıq şəraitdə saxlanan qoyunları pis hava şəraitindən qorumaq məqsədilə dekabrın 1-dən fevralın 28-nə kimi tövlədə saxlamaq lazımdır.
Yayda pis hava şəraitindən müdafiə
Bürkülü hava şəraitindən qorunmaq üçün qoyunların kölgədə dayanmaq yerləri olmalıdır. Bunun üçün ağacların altı, digər təbii kölgə salan yerlər və sığınacaqdan istifadə olunur.
Təchizat
• Su və yem lazımi miqdarda və keyfiyyətdə olmalıdır.
• Əgər örüşdə bitki örtüyü lazımi səviyyədə deyilsə, əlavə yemləmə tətbiq olunmalıdır.
• Üzəri buzla örtülmüş sudan istifadə etmək olmaz.
• Təmiz su və mineral maddələrdən (yalama daşı və s.) istifadə edilməlidir.
• Heyvanın ən azı gündə iki dəfə təmiz su içmək imkanı təmin edilməlidir.