Təlim nəticəsi 2. Qoyunların saxlanma formaları
Qoyunların saxlanması formaları müxtəlifdir. Qoyunun ətlik, südlük, yaxud da yunluq olmasından asılı olmayaraq, müxtəlif qoyun cinslərinin hər birinin özünə uyğun saxlanma forması var. Xüsusilə kiçik ailə təsərrüfatları qoyun saxlamaqla özlərinin qoyun südünə, ətə, qoyun pendirinə və qoyun xəzinə olan tələbatını ödəyir. Belə təsərrüfatlarda fermerlər saxladıqları xırdabuynuzlu heyvanlara heyvanın özünü yaxşı hiss etməsi üçün lazım olan yemi verir və əlverişli şəraitlə təmin edirlər.
Qoyunları saxlayarkən normativlərə riayət etmək lazımdır ki, sürü sağlam, davamlı və yüksək məhsuldar olsun.
Qoyunçuluqla məşğul olan fermerlər bilməlidirlər ki, qoyunlar xırdabuynuzlu heyvanlardır. Bu heyvanlar sürü şəklində açıq şəraitdə saxlanır. Qoyun sürüləri köç şəklində zəngin bitki örtüyü olan yerlərdə otarılır. Qışda qoyunların tövlədə səmərəli saxlanması üçün böyük həcmli, havalandırma şəraiti yaxşı olan və quru saman, yaxud kəpək səpilmiş tövlə yerləri uyğundur. Qoyunlar güclü sosial əlaqələri olan heyvanlardır. Açıq şəkildə saxlanma üsuluna daha çox uyğunlaşmışdır. Ona görə onları heç vaxt qapalı şəkildə saxlamaq olmaz. Zəif qulluq zamanı və nəzarətsiz olduqda qoyun sürülərində problemlər yaranır.
Dırnaqlara az qulluq olunması və arıqlıq yayda qoyunların istiyə dözümünün azalmasına, xəstəliklərə səbəb olur. Eyni zamanda bitki örtüyü olmayan və ya çox zəif olan örüşlərdə yem çatışmazlığı heyvanın tamamilə haldan düşməsinə və getdikcə daha da zəifləməsinə zəmin yaradır.
Qoyunların saxlanması zamanı onların cütləşmə vaxtına da diqqət yetirmək lazımdır. Bu, sürünün səmərəliliyi və sürüdə baş sayının artmasını nizamlamaq üçün vacibdir. Qoyunlar bir qayda olaraq, əsasən, payızda cütləşirlər və yazda quzular dünyaya gəlirlər. Qoyunların 12 il və daha çox yaşaması mümkündür.