Bu, əslində çox təəssüfedici haldır, çünki yun bərpa olunan xammaldır və onun xüsusiliyi ondadır ki, heç bir istilik itirmədən su saxlamaq qabiliyyətinə malikdir, ancaq heç bir sintetik parçada bu xüsusiyyət yoxdur. Çox nazik olsa belə, yüksək istilik saxlama qabiliyyəti ilə xarakterizə olunur. Pambıqdan fərqli olaraq, yundan daha asan kəndir toxumaq mümkündür.
Yunun emal edilməsində bir neçə yun sortundan istifadə edilir ki, bu da qoyun cinslərinə, yunun uzunluğuna və incəliyinə görə sinifləşir. Yun asan əyrilir. Sadə üsulla əyirmə ilə yumaqlar almaqla, onlardan müxtəlif lazımi əşyalar hazırlamaq mümkündür. Misal üçün, yundan toxunmuş əlcəklər qışda çox rahat və isti olur. Həmçinin yundan toxunmuş xalçalar bu gün həm ölkə daxilində, həm də dünyanın bir çox yerində yüksək qiymətə satılır.
1.3 Qoyun dərisi
Qoyun dərisi böyük əhəmiyyətə malikdir. Baxmayaraq ki, adi qoyun dərisinin qiyməti hazırda çox ucuzdur, lakin işlənib hazırlanmış dərilər birbaşa satışda çox yaxşı qiymətə satılır.
Lap qədim zamanlarda da qoyun dərisindən isti paltarlar, tavan, yaxud yatmaq üçün istifadə edilmişdir. Qoyun dəriləri xırda gön xammalına aid edilir və heyvanın cinsinə görə də fərqlənir (rus, çöl, qarışıq, quyruqlu, Qarabağ, merinos və s.). Gön hazırlanması üçün, demək olar ki, bütün cins qoyunların dəriləri istifadə olunur, ancaq, əsasən, tük örtüyünün keyfiyyətinə görə xəz istehsalı üçün yaramayan dərilər gön istehsalına verilir. Bütün gön xammalını 4 qrupa ayırırlar: I qrupa çəkisindən asılı olmayaraq südəmər buzov dəriləri, çəkisi 5 kq-a qədər olan dayça dəriləri, bütün növ qoyun və keçi dəriləri, çəkisi 4 kq-a qədər olan donuz və donuz balası dəriləri aiddir; II qrupa dana, dəvə balası, eşşək və qatır dəriləri, iri donuz dəriləri, çəkisi 4-7 kq-a qədər olan qaban dəriləri daxildir; III qrupa çəkisi 10-17 kq olan qaramal dəriləri, at, dəvə, eşşək və qatır dəriləri, camış dəriləri aiddir; IV qrupa çəkisi 17 kq-dan çox olan qaramal, at, dəvə, los, camış, Tibet öküzü dəriləri aiddir.