Merinos növü qoyunların illik süd məhsuldarlığı orta hesabla 25 litrə bərabərdir. Qıvırcıq növ qoyunların illik süd məhsuldarlığı 85 litrdir.
Azərbaycanda qoyunçuluq, əsasən, ətlik, yunluq və südlük məqsədilə yetişdirilir və qabayunlu, yarımqabayunlu, yarımzərifyunlu və zərifyunlu davarlardır.
Yunluq və yunluq-ətlik istiqamətli zərifyunlu qoyunçuluq dağ və dağətəyi zonalarda, qaba və yarımqabayunlu yunluq-ətlik-südlük istiqamətli qoyunçuluq isə bütün bölgələrdə geniş yayılmışdır. Ölkədə hazırda yalnız qabayunlu balbas və zərifyunlu Azərbaycan dağ merinosu cinsi təmizqanlı yetişdirilir.
Aqrar islahatlardan sonra qoyunçuluqda seleksiya damazlıq işlərinin pozulması, cütləşmə, doğum kampaniyasının düzgün təşkil edilməməsi, uçot-hesabat işlərinin aparılmaması, zootexniki normalara uyğun yemləmə və bəsləmə şəraitinin yaradılmaması məhsuldarlıq göstəricilərinə mənfi təsir göstərmişdir. 2014-cü ildə hər qoyundan 2,0 kq yun qırxılmışdır ki, bu da aşağı göstəricidir.
Qoyunların bioloji xüsusiyyətlərindən biri də onların tez yetişkən olmalarıdır. Onlar artıq 5-6 aylıq yaşda cinsi həvəsə meyl etməklə, artıb-çoxalmağa qabil olurlar. Lakin bu yaşda onları ilk cütləşməyə buraxmaq olmaz. Qoyunların ilk cütləşməyə yararlı yaş həddi 12-15 aylıq yaş dövrüdür.
Qoyun cinsləri quyruqlarının forma və uzunluğuna görə 5 qrupa bölünür:
1. Qısa cılızquyruq qoyunlar – Bunların quyruğu qısa olub, şimal qısaquyruq və digər qoyunlar daxildir.
2. Uzun cılızquyruqlar – Bunların quyruğu çapma oynağından aşağı çatmaqla piy quyruqda toplanır. Bu qrupa bütün zərifyunlu və yarımzərifyunlu qoyun cinsləri aiddir.
3. Qısa yağlı quyruq – Bu qoyunların quyruğu çapma oynağına çatmır. Piy balınc formada quyruq kökündə toplanır.
4. Uzun yağlı quyruq – Bu qrupa daxil olan cinslərin quyruğu çapma oynağına çatır və çox zaman ondan da aşağı uzunluqda olur. Quyruqda piy toplanır.
5. Quyruqlu qoyunlar – Quyruq kökündə piy çox toplanır. Quyruğu çox qısa, inkişaf etməmiş olur.