GİRİŞ
Hörmətli oxucu, Azərbaycanda qoyunçuluğun inkişafı qədim tarixə malikdir. Qoyunçuluq gəlirli sahə olduğuna və az zəhmət tələb etdiyinə görə ölkəmizin bütün bölgələrində mövcuddur.
Azərbaycan Respublikasında heyvandarlıq sahəsi içərisində qoyunçuluq ənənəvi sahə olub, kənd əhalisinin 85-90%-ə qədəri bu sahə ilə məşğul olur. Qoyunçuluğun dəyərli bir sahə olması onunla izah oluna bilər ki, qoyun əti, piyi və süd məhsulu qida üçün böyük əhəmiyyət kəsb edir. Qoyunlardan gön-dəri, xəz, kürk və s. məhsullar da əldə edilir. Beləliklə, istehsal olunan məhsulun növ müxtəlifliliyinə görə kənd təsərrüfatı heyvanları içərisində qoyunlar birinci yeri tutur.
Qoyunçuluq məhsulları içərisində yun xüsusi əhəmiyyət kəsb edir. Yunun yüksək fiziki-mexaniki və texnoloji xassələri ilə əlaqədar olaraq ondan çox qiymətli parçalar, gəbə və xalça məmulatları, trikotaj malları, keçə, xurcun, farmaş və gigiyenik cəhətcə dəyərli yorğan-döşək hazırlanır.
Qoyun südü başqa kənd təsərrüfat heyvanlarından alınan südə nisbətən tərkibi qidalı maddələrlə daha zəngindir. Qoyun südündən yüksək qidalılıq dəyərinə malik olan pendirlər hazırlanır.
Ölkəmizdə qoyunçuluqla xüsusilə kiçik ailə təsərrüfatları məşğul olur ki, bununla özlərinin ət, süd məhsulları və yuna olan tələbatlarını ödəyirlər. Həmçinin qoyunçuluqla məşğul olan iri təsərrüfatlar var ki, bu təsərrüfatlarda qoyunların baş sayı 500-1000 arasındadır. Bu təsərrüfatlarda qoyunların otarılması köç şəklində həyata keçirilir.
Dərslikdə qoyunçuluğun təsərrüfat üçün iqtisadi əhəmiyyəti, ət və süd məhsuldarlığı, tövlədə və otlaqda saxlanma forması, yaşa və cinsə görə qoyunların qruplara ayrılması haqqında kifayət qədər yeni məlumatlar əldə edəcəksiniz.
Burada qoyunçuluğun səmərəli inkişafı, saxlanması və bəslənməsi haqqında ən yeni elmi nailiyyətlərin nəticələri əks olunmuşdur və şagirdlər əldə etdikləri məlumatların köməyilə nəzəri və təcrübi biliklərini genişləndirə və əldə etdikləri bilikləri gələcəkdə təsərrüfat fəaliyyətlərində tətbiq edə bilərlər.
Həmçinin südün formalaşması və əldə edilməsi, sağım gigiyenası, qurğular və qabların təmizlənməsi, pendir istehsalı haqqında məlumatların köməyilə təsərrüfatda qoyunçuluğun idarə edilməsini düzgün həyata keçirmək olar.
Heyvanların yetişdirilməsini düzgün qiymətləndirməklə hövrəgəlməni müəyyən etmək və mayalanmanı vaxtında və seçilmiş məhsuldarlıq istiqamətində aparmaqla təsərrüfatda yüksək məhsuldar və robust cinslərin sayını artırmaq olar.
Dərslikdə qoyunçuluq sahələrinə aid həm nəzəri, həm də təcrübi məlumatlar var. Bu dərsliyin ilk peşə-ixtisas təhsili müəssisələrində dərs vəsaiti kimi istifadə edilməsi məqsədəuyğun və əhəmiyyətli hesab edilir.