2. Yunluq-ətlik zərifyunlu cinslər – bura Askaniya, Qafqaz, Altay və s. cinslər aiddir. Bu qrup qoyunlarda hər 1kq diri çəkiyə 40-50 qram təmiz yun lifi düşür.
Qafqaz cinsi – 1936-cı ildə Stavropolda yerli yeni Qafqaz qoyunları, Amerika rambulyesi və Askaniya cinsinin çarpazlaşdırılması nəticəsində yaradılmışdır. Ana qoyundan 5-6 kq, qoçdan 7-8 kq yun alınır. Hər 100 baş doğar qoyundan 130-140 quzu alınır. Respublikamızda da yetişdirilir.
3. Ətlik-yunluq zərifyunlu cinslər – bu qrupa Prekos, Kazax, Gürcüstan yağlıquyruq və Vyatsk cinsləri daxildir. Bu cinslərdə hər 1kq diri çəkiyə 30 qram təmiz yun lifi düşür.
Prekos cinsi – "prekos" fransız sözü olub, "tezyetişən" deməkdir. Bu cins XIX əsrin sonunda Fransada rambulye qoyunlarının ingilis uzunyunlu Leyster cinsi ilə çarpazlaşdırılmasından yaradılmışdır. Cins buynuzsuz olub, dəridə qırışlar azdır. Ana qoyundan 3,5-4,0 kq, qoçdan 4,5-5,0 kq zərif yun qırxılır. Respublikamızda bu cins yayılmışdır.
Qarabağ və Qaradolaq qoyunları Azərbaycanda çox qədim zamanlardan yetişdirilir. Bu qoyunlar başqa növ heyvanlara nisbətən sutkada 18-20 km yol qət edə bilir, yerli şəraitə çox tez uyğunlaşır, isti quru havaya davamlıdır. Quyruqlarında toplanan piy hesabına yem qıtlığına dözümlüdürlər. Yem çatmadıqda quyruq piyindən istifadə etməklə orqanizmi aclıqdan qoruyurlar. Bir sıra xəstəliklərə davamlı olmaqla yanaşı, vərəm xəstəliyinə də tutulmurlar. Lakin brusellyoz, qoturluq, çiçək və mastitlə teztez xəstələnirlər. Qoyunlar nəm və bataqlıq yerdə özlərini yaxşı hiss etmir, arıqlayır, məhsuldarlıq aşağı düşür.
Bu qoyunlar 12-14 il yaşayır, lakin təsərrüfatlarda onlardan 6-8 il istifadə etmək daha səmərəlidir. Çünki bu dövrdə onlar maksimum məhsul vermə qabiliyyətinə malik olurlar. Sürü şəraitində saxlandıqda daha yaxşı məhsul almaq olur. Havanın dəyişməsinə çox həssasdırlar. Boğazlıq müddəti 5 ay çəkir, quzu anadan 4-5 ayında ayrılır. Onlarda cinsi həvəs ilin ikinci yarısında başlayır.
Qoyun yunu müəyyən fiziki-mexaniki və texnoloji xassəyə malik daranma, boyanma, əyrilmə və keçələşmə qabiliyyətinə malik olub, toxuculuq sənayesində istehlak malları istehsalı üçün yarayan məməli heyvanların tük örtüyüdür. Qoyun yunu bir sıra dəyərli xüsusiyyətləri ilə başqa toxuculuq liflərindən (pambıq, kənaf, kətan, cut, kəndir və s.) ciddi şəkildə fərqlənir. Qoyun yunu yüksək elastiklik, hiqroskopiklik (nəmliyi udma və buxarlandırma qabiliyyəti) və mütəhərrikliyə malikdir. Pis yanır, elektriki keçirmir, səsi çox zəif keçirir. Boyağı yaxşı götürməklə, onu uzun müddət özündə saxlayır.
Eyni naziklikdə metal və yundan hazırlanan sapdan yük asdıqda yun sap daha möhkəmdir. İstiliyi pis keçirir, islandıqda öz-özünə isinir. Keçəlləşməyə yalnız yun məruz qalır. Yundan yüksək keyfiyyətli mahud parçalar, keçə məmulatı, fetra şinel,valinkalar, baş geyimləri hazırlanır.
Qarabağ və Qaradolaq qoyunları qabayunludur.
Yunun rəngi – açıq-boz, ağ və müxtəlif rəngdə yuna rast gəlinir. Ən keyfiyyətli yun ağ rəngli yundur. Belə yunu bütün rənglərə boyamaq olur.