I. Qoyunlar qırxılarkən yun örtüyü quru olmalıdır. Havalar yağmurlu keçdikdə qoyunların yun örtüyü islanır, nəm olur, ona görə də belə hallarda qoyunları qırxmaq olmaz. Nəmli halda (yaş) qırxılan yun qablaşdırıldıqdan sonra kiplərdə kif əmələ gəlir bu zaman yunun keyfiyyəti və qiyməti aşağı düşür.
2. Qoyunları qırxım qabağı – cinsinə, cinsiyyətinə, yaş qrupuna və yun örtüyünün rənginə görə qruplara ayırmaq lazımdır. Eyni zamanda bir qrup qoyunlar qırxılıb qurtardıqdan sonra məntəqə təmizlənməli və qırxıma ikinci qrup qoyunlar buraxılmalıdır. Bununla əlaqədar olaraq əvvəlcə həmişə ağ yun örtüyünə malik olan qoyunlar qırxılır, sonra isə müxtəlif rəngli qoyunların qırxımı başlanır.
Əgər məntəqədə müxtəlif növ və rəngli yun örtüyünə malik olan qoyunlar eyni vaxtda qırxılarsa, bu zaman yunun düzgün çeşidlənməsi istər-istəməz pozulur, müxtəlif yunlar qarışdırılır ki, bunun da nəticəsində yunun keyfiyyəti aşağı düşür və (satılarkən) təsərrüfat xeyli ziyan çəkir.
Qoyunçuluqla məşğul olan təsərrüfatların rəhbərləri və mütəxəssisləri bilməlidirlər ki, yuyulmayan rənglə qoyunları nişanlamaq olmaz. Yuyulmayan rənglə nişanlanmış qoyunlar qırxılarkən çeşidləyici damğalı yunu bütöv yundan ayıraraq ayrıca yığmalı və damğalı yun kimi satışa göndərilməlidir. Bu yunlar aşağı qiymətə satılmaqla bərabər təsərrüfata xeyli ziyan verir və sənaye müəssisəsi üçün də əlverişli olmur. Belə ki, damğalı yunun yuyulmasına sənayedə çoxlu xərc sərf olunmasına səbəb olur. İşçi qüvvəsinə tələbatı artırır. Bunun üçün də qoyunların yalnız xüsusi “ovtsevod” rəngi ilə nişanlanmasına icazə verilir. Bundan başqa, yun qırxılarkən ona kənar qarışıqların (sap, kəndir, çit-parça və s.) qarışdırılması hallarına yol verilməməlidir. Belə hallarda satılan yunun qiyməti 15% aşağı düşür. Ona görə də yunun çeşidlənməsində, yığılmasında, qablaşdırılmasında və s. çox diqqətli olmalı, göstərilən nöqsanlara yol verilməməlidir. Bunun üçün qırxım məntəqəsi bütün yun zibilləyicilərindən təmizlənməli, qırxım zamanı qoyunların saxlandığı ağıllar, yun çeşidlənən şöbə tərtəmiz olmalıdır ki, qırxılan yun kənardan başqa zibilləyicilərlə qarışdırılmasın. Qırxım məntəqəsi, yun çeşidlənən şöbə, qoyun ağılları və məntəqənin həyəti müntəzəm olaraq təmizlənməlidir.
Qoyunların xəzi heyvanı soyuqdan və bürkü hava şəraitindən qorumaqla yanaşı, qoyundan alınan yüksək keyfiyyətli yundan təmizləməklə, boyamaqla xalçaçılıq sənayesində və digər mühüm məhsulların alınmasında istifadə edilir. Bunun üçün bir neçə gedişlərin edilməsi mühümdür ki, bunlar aşağıdakılardır:
İlkin olaraq qoyunlar qeyd edildiyi kimi ildə bir dəfə qırxılır. Bu zaman yunun keyfiyyətə və rənginə görə sortlara ayrılması kimi işlər görülür. Yun əllə ümumi olaraq yuyulur və hava keçirən torbaya qablaşdırılır.
Yumazdan əvvəl yunun keyfiyyətinə, yumşaqlığına və qıvrımlarına qiymət verilir. Yunun tərkibindəki lanolin yağının bir hissəsi yumadan sonra da yunda qalır və bunun vasitəsilə yun elastik olur ki, bu da digər işləri yüngülləşdirir.
Yunu daradıqdan və boyadıqdan sonra sonuncu iş kimi yun əyirmə olur. Yunu əyirməklə ondan sap alınır. Əyirilmiş və yumaq şəklində olan yundan hazırlanmış sapdan yüksək dəyərli geyim paltarları, əlcək, xalça, papaq, divardan asmaq üçün şəkillər kimi yun məhsulları toxunur və ya hörülür.