Təlim nəticəsi 11. Qoyunların qırxımı
Qırxım başlanmazdan əvvəl məntəqədə səliqəsahman yaratmalı, toz-torpaq və digər yun zibilləyici amillərdən təmizlənməlidir. Qırxıma 5-10 gün qalmış qırxım aqreqatı quraşdırılaraq işə hazır olması yoxlanılmalıdır, mövcud çatışmazlıqlar aradan qaldırılmalı və lazımi ehtiyat hissələri əldə edilməlidir. Hər bir təsərrüfatda yüksək ixtisaslı yun çeşidləyiciləri, kifayət qədər qırxınçılar, mexanik, yun presləyən, bıçaq itiləyən, hesablayıcı və digər köməkçi işçilər olmalıdır. 12 qayçılı qırxım aqreqatının normal işləməsi və yunun preslənməsi (qablaşdırılması) üçün bir qırxım məntəqəsinə 27 nəfər işçi tələb olunur.
Təsərrüfatda qırxım qrafiki tərtib olunarkən yunun növü və qoyunların yaş qrupu nəzərə alınaraq çoban briqadaları və sürülər arasında aşağıdakı növbəyə əməl olunmalıdır.
I. Qabayunlu qoyunlar
II. Yarımqabayunlu qoyunlar
III. Yarımzərifyunlu qoyunlar
IV. Zərifyunlu qoyunlar
V. Eyni zamanda yaş qrupları və cinsiyyətinə görə:
VI. Buruq erkəklər
VII. Erkək və dişi toğlular
VIII. Ana qoyunlar
IX. Törədici qoçlar
Qırxım qabağı dövlət, kəndli-fermer və s. təsərrüfatların mütəxəssisləri yunun keyfiyyətli qırxılması, bütöv yunun parçalanmaması, təkrar qırxma hallarına və yun itkisinə yol verilməməsi, məntəqənin təmiz saxlanması və yunun başqa zibilləyici (ip, sap, çit-parça, peyin qırıntıları, daş və s.) amillərdən qorunması haqqında qırxınçılarla lazımi söhbətlər aparmalı, bu kimi halların yunun keyfiyyətinə olan mənfi təsiri, qiymətinin aşağı düşməsi və sənaye üçün əlverişli olmamasını onlara başa salmalıdırlar.