Orqanizmin cavab reaksiyası kimi burada müəyyən mərhələlərlə inkişaf edən çiçək ekzenteması yaranır. Əvvəlcə dəri və selikli qişalar üzərində qırmızı ləkələr-rozeololar yaranır. 1-2 gündən sonra isə bu ləkələr düyünlərə – papulaya və 1-3 gündən sonra düyünlər qabarcıqlara – vezekulalara çevrilir. Qabarcıqların daxilində sarımtıl-serozlu maye olur. Bu mərhələ 5-6 günədək davam edir və pustulalara çevrilir. Bu dövrdə qabarcıqların içərisindəki maye qatılaşır və tədricən irin kütləsi ilə dolur. Bu mərhələ 3 gün davam etdikdən sonra krustoz mərhələsi yaranır, yeni qurumuş pustula qartmaq əmələ gətirir və bunun altında dərinin epiteli təbəqəsi bərpa olunur. Qartmaq adətən 5-6 gündən sonra düşür. Belə ardıcıl mərhələlər iribuynuzlu heyvanlarda və atlarda görünür, digər növ heyvanlarda mərhələlərin bəzisi müşahidə edilmir. Çiçək virusunun dəridən orqanizmə keçməsi zamanı heyvanların yüngül xəstələnməsi, respirator və alimentar yoluxmada isə ağır xəstələnmə nəzərə çarpır.
Gedişi və kliniki əlamətləri: Kənd təsərrüfatı heyvanlarında xəstəlik abortiv, yayılmış və hemorroji formada müşahidə edilir. Abortiv forma zamanı dəri üzərində az miqdarda çiçək ocaqları yaranır və bütün mərhələlər yaranmadan tezliklə sağalma ilə nəticələnir. Yayılmış forma zamanı çiçək ocaqları böyük sahəni əhatə edir, heyvanın temperaturu kəskin dərəcədə yüksəlməklə vəziyyəti ağırlaşır. Hemorroji forma zamanı dəridə və pustula içərisində çoxlu miqdarda qan sağıntıları nəzər çarpır və buna "qara çiçək" də deyilir. Qoyunlarda inkubasiya dövrü orta hesabla 8 gün olmaqla, ilk kliniki əlamətlər temperaturun yüksəlməsi, göz qapaqlarının şişməsi, burun və gözdən irinliselikli mayenin axmasıdır. Bir neçə gündən sonra başda, ön və arxa ətrafların daxili səthlərində, yelin üzərində, cinsiyyət üzvlərində çiçək səpkiləri müşahidə edilir. Qırmızı ləkələr 1-2 günə papulalara çevrilir. Papulalar sürətlə böyüyür və birbaşa qalın qartmaqların əmələ gəlməsinə səbəb olur. Qartmaqlar 5-6 gündən sonra qopub düşür və yerində birləşdirici toxumadan ibarət olan çapıqlar yaranır. Xəstəlik 3-4 həftə davam edir və çox vaxt sağalma baş verir. Bəzən mürəkkəbləşmələrlə əlaqədar olaraq qastroenterit, ağciyərin iltihabı və bəzən sepsis nəzərə çarpır. Quzular xəstəliyə daha çox həssaslıq göstərir.
Keçilərdə xəstəlik yüngül gedişli olmaqla çiçək səpgiləri ən çox yelin üzərində əmələ gəlir. Çəpişlərdə ağız və burun boşluğunun selikli qişası da zədələnir.
Diaqnozu: Xəstəliyə diaqnoz qoymaq üçün onun epizotoloji xüsusiyyətləri, kliniki əlamətləri, patoloji-anatomik dəyişiklikləri nəzərə alınır və laboratoriya müayinələri aparılır. Xəstəliyin diaqnozunda seroloji reaksiyalardan istifadə edilir.
Müalicəsi: Qoyunların çiçəyi zamanı xəstələr ayrılır və isti yerə aparılaraq keyfiyyətli və asan həzmolunan yemlərlə təmin edilir. Spesifik müalicə vasitələri olmadığı üçün simptomatik müalicə aparılır. Əgər bakterial infeksiyalarla mürəkkəbləşmə olarsa, antibiotiklərdən istifadə edilir.
İmmuniteti: Təbii şəraitdə xəstələnib sağalmış heyvanlarda yüksəkgərginlikli immunitet yaranır. Qoyunların çiçəyinə qarşı keçmiş SSRİ məkanında 1944-cü ildən vaksin işlədilir.
Profilaktika və mübarizə tədbirləri: Çiçəyin profilaktikası üçün baytarlıq-sanitariya tədbirlərinə təsərrüfatlarda ciddi şəkildə əməl edilməlidir.