Çiçək virusu aşağı temperatura davamlıdır. Amil qartmaqda 1,5 ilə, qoyun yataqlarında 6 aya, xəstəlikdən sağalmış heyvanların yununda isə 2 aya qədər sağ qalır. Kimyəvi dezinfeksiya maddələrindən 3%-li karbol turşusu, 3%-li natrium qələvisi, 1%-li formaldehid məhlulu amili bir neçə dəqiqəyə məhv edir.
Epizotoloji xüsusiyyətləri: Təbii şəraitdə xəstəliyə xırda və iribuynuzlu heyvanlar, donuzlar, atlar və quşlar həssasdır. Təbii şəraitdə iribuynuzlu heyvanlar, camış, at, qatır, dəvə və hind donuzları inəklərin təbii çiçək virusu və çiçək vaksini ilə yoluxurlar. İnfeksiya törədicisinin mənbəyi xəstə və virusgəzdirən heyvanlar olmaqla, burun axıntısı və pustul mayesi ilə amil xarici mühitə yayılır. Virus orqanizmə tənəffüs və həzm üzvləri vasitəsilə, selikli qişalar və dəri zədələnmələri ilə daxil olur. Virus tranmissiv yolla da yayıla bilər. Bundan əlavə, ana bətnində transovarial yolla da yoluxma müşahidə edilir. Virus orqanizmdən burun və göz axıntısı ilə ağızsuyu və qartmaqlar vasitəsilə xarici mühitə yayılır. İnfeksiya törədicisinin yayılmasında yem, su, xidmət vasitələri, peyin və s. mühüm rol oynayır. Xəstəlik bütün fəsillərdə baş versə də, ən çox və ən ağır gedişi nəmli və soyuq hava şəraitində olur. Tövlə şəraitində xəstəlik bəzən binadakı bütün heyvanları əhatə edir. Keyfiyyətsiz yemlərlə yemləndirmə, sıx və natəmiz şəraitdə saxlanma epizootik prosesi fəallaşdırır. Qoyunlarda çiçək ilin bütün fəsillərində müşahidə edilməklə, ilin soyuq və yağmurlu dövrlərində daha ağır formada gedir. Xəstəlik zərifyunlu qoyunlarda və cavanlarda daha çox müşahidə edilir. İlin isti dövrlərində çiçək, əsasən, xroniki gedişli olmaqla öz-özünə sağalma ilə nəticələnir. Qoyunçuluq təsərrüfatlarında müvafiq tədbirlərdən istifadə etmədikdə çiçəklə xəstələnmə 100% təşkil edir və ilin soyuq fəsillərində yüksək letallıqla özünü göstərir. Xəstəliyə görə qeyri-sağlam stasionar zonalarda və kütləvi peyvəndlər aparılan şəraitdə çiçək tək-tək heyvanlarda görünməklə olduqca yüngül gedişə malik olur və öz-özünə sağalır.
Patogenezi: Müxtəlif yollarla orqanizmə daxil olmuş virus bir neçə gündən sonra qanda və parenximatoz orqanlarda müşahidə edilir. Sonra virus dəri və selikli qişaların epiteli hüceyrələrinə toplanır.