Bioloji sınağı hər bir fermer təsərrüfatında asanlıqla qoymaq olar. Bunun üçün iki klinik sağlam quzunun bud nahiyəsini daxili tərəfdən cızıb, oraya 1:10 nisbətində pustulalı yaralardan götürülmüş suspenziya sürtülür. Quzularda yoluxdurmadan 3-5 gün sonra xarakterik patoloji proses və klinik əlamətlər inkişaf edirsə, bioloji sınaq müsbət hesab olunur.
Bioloji sınaq üçün pişik balaları və 1-1,5 aylıq dovşan balaları da istifadə edilə bilər.
Müalicəsi. Xəstələri sağlamlardan təcrid etdikdən sonra müalicə etmək lazımdır. Ağız boşluğunun selikli qişası yoluxduqda hidrogen-peroksid (3%-li), mis kuporosu (5%- li), yuqlon (0,5%-li), manqan (1%-li), yod məhlulu (10%-li), karbol turşusunun naftalan neftində emulsiyası (3%-li) və s. işlənir. Dəri yoluxduqda bunlardan əlavə, yod-qliserin, sink, oksitetrasiklin, dibiomitsin və digər məlhəmlər işlədilir. Proses ağırlaşdıqda cərrahi yolla yaralar təmizlənir və bu preparatlar tətbiq olunur: heyvanın 1 kq diri kütləsinə biomitsin 0,02- 0,03 q 3-4 gün daxilə, 3-4 gün əzələ daxilinə, terromitsinin 1-2%-li məhlulundan 1-1,5 ml dərialtına 3-4 gün yeridilir.
Profilaktika və mübarizə tədbirləri. Qoyunçuluq təsərrüfatlarının və fermalarının kontagioz ektimadan qorunması üçün infeksiya törədicisinin buraya gətirilməsinin qarşısını almaq, diaqnostika işlərini vaxtında və düzgün təşkil etmək, xəstə heyvanları təcrid edib müalicəsini aparmaq, ətraf mühitdə törədicinin ləğv edilməsinə, sağlam heyvanların isə rezistentliklərinin yüksəldilməsinə yönəlmiş tədbirləri yerinə yetirmək və s. tələb olunur.
Vaxtaşırı xəstəlik qeyd olunan təsərrüfatlarda ana qoyunları quzulamadan 3 ay öncə vaksinasiya etmək lazımdır. Quzular 5-7 gündən bir peyvənd edilir. 6-7 aylıq olduqda revaksinasiya aparılır. Bu məqsədlə maye kultural virusvaksin tətbiq edilir. Vaksin çərtilmiş alt dodağın dərisinə 2 dəfə olmaqla 8-12 gün intervalında skarifikasiya edilir (0,3 ml həcmində), vaksin sürtülmüş yerdə 3-6 sutkadan sonra çəhrayı rəngli parıltılı düyünlər inkişaf edir (1-2 mm diametrli), bu düyünlər 4 gündən sonra çəkilir. Quzularda 15 günədək yaranan immunitet 8 ayadək davam edir.
10.5 Xırdabuynuzlu heyvanların çiçəyi (variola)
Çiçək kontagioz infeksion xəstəlik olub, isitmə, dəri və selikli qişalar üzərində spesifik səpgilərin əmələ gəlməsi ilə səciyyələnir.
İqtisadi zərəri: Qoyunçuluq təsərrüfatlarında böyük letallıqla (ölümlə) özünü göstərir. Heyvanların yun və ət məhsuldarlığı aşağı düşür. Müxtəlif profilaktiki və sağlamlaşdırıcı tədbirlər həyata keçirilir ki, bu da müəyyən qədər vəsaitin xərclənməsinə səbəb olur.
Törədicisi: Xəstəliyin törədicisi DNT-li virus olmaqla poksavirus ailəsinə mənsubdur. Qoyun, keçi, donuz və quşların təbii çiçək virusları yalnız uyğun heyvan növünə patogendir. Ancaq qaramalın təbii çiçək virusu və çiçək vaksinləri isə geniş patogenlik spektrinə malikdir.
Davamlılığı: Virus 550C temperaturda 20 dəqiqə, 700C-də 5 dəqiqə və qaynadıldıqda isə ani olaraq məhv olur.