Xəstəliyə görə qeyri-sağlam təsərrüfatlarda qoyun və quzuların vaksinasiyası üçün KK ştammından hazırlanmış maye kultural virus vaksin istifadə edilir. Vaksin alt dodağın skarifikasiya olunmuş dərisinə 8-12 gün fasilə ilə 2 dəfəyə 0,3 ml işlədilir. Bundan başqa, xəstəliyə qarşı L ştammdan hazırlanmış quru kultural virus vaksin tətbiq edilir. 0,3 ml vaksin vurulduqdan 3-6 gün keçmiş inyeksiya yerində bir neçə ədəd dəyirmi, parlaq, qızılgül rəngində düyünlər əmələ gəlir, 4 gündən sonra isə sorulur, immunitet 15- ci günədək formalaşır və 6-8 ay davam edir.
Kliniki əlamətləri. Təbii şəraitdə inkubasiya dövrü 3-10 gün, eksperimental yoluxdurmada isə 2-3 gün davam edir. Xəstəlik iti, yarımiti və xroniki gedişli ola bilər. Klinikasına görə xəstəliyin stomatit, dodaq, dırnaq və genital formaları var. Lakin qeyd etmək lazımdır ki, belə bölgü şərtidir, çünki çox vaxt patoloji prosesin bütün orqanlarda eyni zamanda inkişaf etdiyi qeyd olunur.
Dodaq və stomatit formalı xəstəlik zamanı törədicinin daxil olduğu yerlərdə (çox vaxt dodaqların kənarında və ağızın künclərində) müxtəlif böyüklükdə qırmızımtıl ləkələr görünür. Yem qəbulu çətinləşir, bəzi hallarda bədən temperaturu yüksəlir. Ölüm baş vermirsə, heyvan 10-14 günə sağalmağa başlayır, qaysaqlar tökülür, yaralar sağalır. Yoluxma xəstə quzudan anasının yelininə də keçə bilər.
Dırnaq formasında oxşar proses ayaqların aşağı hissəsində, dırnaqarası nahiyələrdə baş verir, xəstə axsayır.
Genital formada pustula, eroziya və qaysaqlı yaralar yelində, budların içəri hissəsində, cinsiyyət dodaqlarında və cinsiyyət orqanlarında əmələ gəlir, yelində qanqrenozlu mastit inkişaf edə bilər.
Patoloji-anatomik dəyişikliklər. Bu dəyişikliklər xarakterik deyil. Yəni tam mənada inkişaf edən və bütün hallarda olduğu kimi rast gəlinən patoloji dəyişiklik görünmür. Cəsədlər arıq olur. Ağızın selikli qişasında, dodaqlarda, yelində və ətrafların dərisində nekroz ocaqları və yaralar qeyd olunur.
Diaqnozu. Diaqnoz klinik-epizotoloji məlumatların analizi, yaxmaların virusoskopiyası və bioloji sınağın nəticələrinə əsasən qoyulur.