Təlim nəticəsi 10. Xəstəliklər və sağlamlıq tədbirləri
Qoyunlar bir çox xəstəliklərə tutula bilər. Bu xəstəliklər qoyunçuluq təsərrüfatlarının iqtisadi cəhətdən zəifləməsinə, ət və süd məhsuldarlığının azalmasına, balavermə qabiliyyətinin aşağı düşməsinə, beləliklə, sürüdə böyük azalmalara səbəb ola bilər. Ona görə də ilk olaraq daha tez-tez rast gəlinən xəstəliklər haqqında məlumatlara malik olmaq lazımdır ki, bunun köməyilə xəstəliklərin yaranmasının qarşısını vaxtında almaq mümkün olsun. Xəstəliklərin törədiciləri viruslar, bakteriyalar, normadan artıq qidalanma, parazitlər və yem çatışmazlıqları ola bilər.
10.1 Bakteriyaların törətdikləri xəstəliklər - listerioz
Listerioz xəstəliyinin törədicisi (Listeria monocytogenes) geniş yayılmış qısa çöplü bakteriyadır. Kiçik (0,3-0,5x0,5-2,0 mkm), ucları burulmuş, hərəkətsiz, spor və kapsul əmələ gətirməyən bakteriyalar tərəfindən törədilir. Törədici tək-tək, cütcüt və ya topa şəklində yerləşir. Sap, kokk, vibrion və s. formalara düşürlər. Bütün anilin boyaları və qram müsbət boyanır, kapsul və spor əmələ gətirmirlər, təzə bulyon kulturasında hərəkətli olurlar.
Qışda yemlərin keyfiyyəti və tövlənin iqlim şəraiti tələblərə tam cavab vermir. Xəstəliyin tipik əlamətləri hərəkət və istiqamətlənmənin pozuntusu, başın dairəvi hərəkətidir. Bu, başın iflici, yəni beyinin iltihabı ilə səciyyələnir. Ona görə də yem verilərkən senajın keyfiyyətinə, kifayət qədər vitamin və mineral maddə təminatına, eləcə də rasionda xam lif və zülal tərkibinə diqqət yetirmək lazımdır ki, xəstəliyin əmələgəlməsininin qarşısı alınsın.
Epizotologiyası
Təbiətdə törədicinin mənbəyi gəmiricilərdir. İnfeksiya mənbəyi isə xəstə heyvanlar hesab olunur. Klinik xəstələr daha təhlükəlidir. Listeriyalar xəstə heyvanın burun, ağız seliyi, cinsiyyət orqanları axıntıları, sidik və kalı vasitəsilə ətraf mühitə yayılırlar.