Yaxşı olardı ki, sürüyə buraxılacaq törədici qoçlar başqa sürüdən gətirilsin, yəni həmin sürü ilə qohumluq əlaqəsi olmasın. Eyni zamanda törədici qoçlar hər üç ildən bir dəyişdirilməlidir. Cütləşmə vaxtı sürüdə оlan hər 20-25 qoyuna 1 qoç buraxılmalıdır.
9.4.1 Döl kampaniyasının aparılması
Doğum yaxınlaşdıqca qoyun ağırlaşır, yelini iriləşir, qoyun ağrı hiss edərək narahat olur, yeməkdən kəsilir, tez-tez yatıb durur. Belə olduqda həmin qoyun sürüdən ayrılır və ağıla salınır. Sonra isə həmin qoyun salınan ağılın yerinə küləş döşənir. Normal doğuş adətən 30-40 dəqiqə çəkir. Quzu doğulduqdan 1,5-2 saat sonra son (ətənə) özü düşür. Düşmüş sоnu ənənəvi olaraq basdırmaq lazımdır.
Quzu doğulan kimi dərhal onun ağzı silinməlidir. Anası quzunu yalayıb qurudandan sonra dölə nəzarət edən şəxs quzunu mayalandırmalıdır. Dölə nəzarət etmədikdə zəif quzular mayalana bilmir və ya anası quzunu qəbul etmir. Quzunun ana südü ilə mayalanması vacib şərtlərdəndir. Qoyunun südü olmadıqda həmin quzu yumurta sarısı ilə mayalandırılır. Ağız südünün rəngi sarımtıl olur. Ağız südünün tərkibində işləmə qabiliyyəti olan maddələr var ki, bu da quzunun mədə və bağırsaqlarını tənzimləyir.
Qeyd etmək lazımdır ki, yaşlı qoyunlar quzuları yardımsız əmizdirirlər. Lakin cavan şişəklər bəzən quzuları yaxın buraxmayıb vurur və əmməyə qoymurlar. Nəzarətçilər belə qoyunları ayırıb xüsusi yerlərə salmalıdırlar ki, quzunu qəbul edib əmizdirsin. Doğmuş qoyun quzu ilə 2-3 gün ağılda saxlanılır. Sonra isə 6-7 gün sürüyə buraxılmır. Yatağın yanında quzusu ilə birlikdə xamda otlayır. Soyuq və yağışlı havada isə quzu küzə salınır, hər 2-3 saatdan bir anasına əmizdirilir. On gündən sonra isə qoyun quzusu ilə birlikdə yaxınlıqda xamda otarılır. 20 gündən sonra isə quzu da anası ilə az-az otlamağa başlayır. Quzuları analarından 4 aydan sonra aralayırlar və qoyunlara istirahət verib cütləşməyə hazırlayırlar. Quzuların gecə salındığı küz hər gün süpürülüb təmizlənməli və yenidən döşənməlidir. Əgər quzu yatan küz hər gün təmizlənərsə, quzuda heç bir xəstəlik olmaz.
9.5 Quzuların yetişdirilməsi
Qış dövrünü keçirmək üçün ayrıca bina, isti doğum yeri olan arxaclar lazımdır. İsti arxacların temperaturu 6-80C ola bilər. Lakin havası quru olmalıdır. Əgər isti arxac qurudursa və burada kifayət qədər quru küləşdən döşənək varsa, onda onu qızdırmaq lazım gəlmir. İsti arxacları köçürülə bilən lövhələrlə qəfəslərə bölür, anacları quzularla birlikdə ilk iki gün binalarda saxlayırlar. Adətən quzulama 30-50 dəqiqə davam edir. Doğulduqdan 15-20 dəqiqə sonra quzu ayağa qalxır və süd əmə bilir. Quzu və anac qoyunu böyründən müvəqqəti nömrələyirlər. Boya yağışa davamlı olmalı, lakin yunu yuduqda təmizlənməlidir. İki gündən sonra anacları quzularla birlikdə (hər biri 7-19 başdan ibarət) qruplara – quzulu qoyun sürüsünə birləşdirirlər. Quzular ilk 20 gündə yalnız ana südü ilə qidalanır. Buna görə də onların böyümə inkişafı anacların südlülüyündən, həm də əmizdirməsindən asılıdır. Üçüncü həftədən quzuları qüvvətli yemlərlə və keyfiyyətli zərifgövdəli quru otla yemləmək olar. Elə bu yaşdan quzuları gəzintiyə buraxırlar.