Yüksək məhsuldar törədicilərdən daha səmərəli istifadə etməyə imkan verir. Bununla yanaşı, süni mayalanma yoluxucu (infeksion) xəstəliklərin yayılmasının qarşısını alır, ana qoyunların qısırlıq faizini azaldır.
9.3.2 Qoyunların yetişdirilməsində sinifləşdirmə
Cinsindən, damazlıq keyfiyyətindən və istifadəsindən asılı olaraq qoyunlar təmizqanlılar və mələzlər; damazlıq və istifadəlik qruplarına ayrılır:
Təmizqanlı qoyunlar hər hansı müəyyən bir cinsə xas olan eksteryer və məhsuldarlığa malik olmalıdır. Bunlara:
a) Damazlıq kitaba təmizqanlı kimi yazılmış və eyni cinsə aid valideynlərdən əmələ gələn;
b) Eyni cinsə mənsub olan valideynlərdən əmələ gələn və təmizqanlı olması sənədlərlə təsdiq olunan (damazlıq şəhadətnaməsi) və damazlıq vərəqəsi;
c) Müxtəlif, lakin bir-birinə yaxın olan cinslərə mənsub olan valideynlərdən (məsələn, Azərbaycan dağ merinosu və Askanya merinosu) əmələ gələn qoyunlar aiddir.
Təmizqanlılara qan doyurma çarpazlaşdırma növündən alınan heyvanlar da aid edilə bilər, bu şərtlə ki, onlar yaxşılaşdırıcı cinsin birinci sinfinin tələbini ödəsinlər. Mələz heyvanlara təmizqanlı heyvanlara aid tələbləri ödəməyən və müxtəlif cinslərin çarpazlaşdırılmasından alınan heyvanlar daxildir.
Damazlıq heyvanlara kifayət qədər yüksək məhsuldarlığa görə seçilən, adətən həmin cinsin birinci sinfinin tələbini ödəyən və öz xeyirli təsərrüfat əlamətlərini nəslə yaxşı keçirmək qabiliyyətinə malik olan, təsərrüfatda bəslənmə və satış üçün istifadə olunan təmizqanlı qoyunlar daxildir. Yüksək məhsuldar mələz heyvanlar əgər arzu olunan tipin tələblərinə uyğun gəlirsə və öz əlamətlərini nəslə verə bilirsə, damazlığa aid edilə bilər. Damazlıq qoyunlar damazlıq təsərrüfatlarda və fermalarda yetişdirilir.
İstifadəlik qrup heyvanlara qalan bütün təmizqanlılar, həm də birinci, ikinci, üçüncü bonitirə sinfinin tələblərinə cavab verən mələz heyvanlar daxildir.
9.4 Qoyunların cütləşmə dövrü
Qısırlığı aradan qaldırmaq üçün qoyun və qoçlar yaşıl yem yeməlidirlər. Cütləşmə kampaniyasına 1,5-2 ay qalmış qoçlara əlavə olaraq 0,5 kq qüvvəli yem verilməlidir. Cütləşmə dövründə isə otlaq yemindən başqa qoçlara gündə 1 kq arpa, 3-4 ədəd yumurta, 1-2 litr üzsüz süd verilməlidir. Eyni zamanda sürüdəki qoyunlar yoxlanılaraq, köklüyü lazımı qaydada olmayan qoyunlar sürüdən ayrılıb, ayrıca yemlənməlidir ki, həmin qoyunlar cütləşmə vaxtına kimi normal köklük dərəcəsinə çatsınlar. Qoyun dağa qalxarkən və yolda olarkən cütləşmə aparılması məsləhət görülmür. Odur ki, cütləşmə yaylaqda və ya aranda aparılmalıdır.
Çox körpə və qocalmış qoyunları cütləşməyə buraxdıqda onların arasında qısır qalan çox olur. Adətən qoyunlar birinci dəfə cütləşməyə bir yaş yarımında buraxılır. Odur ki, cütləşmə üçün ana qoyunları seçdikdə qocalıb dişləri tökülmüş və bala vermək qabiliyyətini itirmiş, həmçinin iki il ərzində təkrar doğmayan qoyunları sürüdən çıxarıb çıxdaş etmək lazımdır. Bundan başqa, sürüdə arıq qoyunların sayı çox olarsa, qısırlığın faizi artıq olacaq.