Təlim nəticəsi 9. Heyvanların yetişdirilməsi, damazlığın
əsasları
Heyvanların yetişdirilməsinin əsası 18-ci yüzillikdə İngiltərədə qoyulmuşdur. Heyvanın məhsuldarlıq qabiliyyətinə dəqiq baxmaq, yoxlamaq və qiymətləndirmək, eləcə də seçilmiş cinslərin məqsədyönlü şəkildə cütləşdirilməsi ilə yüksək məhsuldar və xəstəliyə davamlı cinslər yetişdirmək olur. Planlaşdırılmış yetişdirmə məqsədlərinə nail olmaq üçün müxtəlif yetişdirmə seçmə metodları tətbiq edilir.
9.1 Qoyunların artırılması
Yetişdirmədə başlıca məqsəd heyvan cinsləri arasında məhsuldarlığın məqsədyönlü istiqamətdə dəyişdirilməsidir. Yetişdirmə məqsədi kimi əksər halda heyvanların balavermə qabiliyyəti, ət, süd və yun məhsuldarlığı, eləcə də xarici görünüşü götürülür. Cütləşməyə uyğun heyvanın seçilməsində önəmli şərt məhsuldarlıq potensialıdır.
Qoyunlar cinsi yetişkənliyə 8-9 ayda çatır, lakin ilk cütləşməni 12-18 aylıqda aparmaq məsləhət görülür. Qoyunlarda cinsiyyət tsikli orta hesabla 17 sutka, həvəsəgəlmə 24 saat, boğazlıq müddəti 144-148 gün davam edir. Qoyun cinsləri qısagünlük heyvanlara aiddir, yəni onlarda cinsi fəaliyyət payızda, gün qısaldıqda təzahür edir.
Qoyunları gündüz bir neçə saatlıq qaranlıq binaya salmaqla onlarda həvəsəgəlməni tezləşdirmək olar. Xarici əlamətlərə görə qoyunlarda həvəsəgəlməni aşkar etmək çətindir. Buna görə də sınaqçı qoçlardan istifadə edirlər. Belə qoçların döşünü hər ikinci gün xüsusi boyaqla rəngləyirlər ki, sonra həvəsə gələn qoyunları görmək olsun.
Qoyunları yetişdirdikdə müxtəlif cütləşmə növlərindən istifadə edilir. Təbii cütləşmədə qoçlar qoyun sürüsünə buraxılır. (20-25 ana qoyuna bir qoç hesabı ilə). Bu cütləşmə növü ən sadə olsa da, çoxlu qoç tələb edir. Onu damazlıq təsərrüfatlarında tətbiq etmək olmaz. Çünki burada quzunun valideynləri dəqiq bilinməlidir.