8.5 Döl vermə zamanı gigiyena
Döl vermə zamanı qoyunlara daha çox diqqət yetirmək və qayğı göstərmək lazımdır ki, heyvanlar təmiz ərazidə, təmiz samanlanmış doğum boksunda saxlansın. Adətən qoyunlar insan köməyi olmadan təbii olaraq balalayırlar. Lakin burada nəzarət etmək lazımdır ki, yeni doğulmuş bala ayaq üstə dura bilsin, öz imkanı daxilində yelini tapıb lazım olan ağız südünü qəbul etsin. Həmçinin doğum bitdikdən sonra sonun düşməsindən tam əmin olmaq lazımdır.
8.6 Tövlənin gigiyenası
Tövlə və onun bütün təchizatı ildə azı bir dəfə təmizlənməli və dezinfeksiya edilməlidir. Təkcə südlük qoyunçuluq təsərrüfatlarında südün əldə edilməsi üçün istifadə edilən vasitələr gündəlik istifadədən sonra təmizlənməli və dezinfeksiya edilməlidir. Dezinfeksiya və əsaslı təmizlənmə tövlədə peyin təmizlənmə ilə başlayır. Bununla bərabər, tövlədə olan bütün avadanlıqlar, yəni yem axurları, qüvvəli yem qabları, sədlər, içməli su qabları, tərəzilər və tövlənin digər avadanlıqları təmizlənməli və dezinfeksiya edilməlidir. Qüvvəli yem qablarının təmizlənməsi il ərzində bir neçə dəfə aparılmalıdır. Çünki burada qüvvəli yemin ən xırda hissələri heyvanın tüpürcəyi ilə qarışaraq möhkəm təbəqə əmələ gətirir, hansı ki, bu da xəstəlik törədicisinin inkişafı üçün ideal şəraitin yaranması deməkdir. Buna yol vermək olmaz.
8.7 Otlağa qulluq
Otlağa qulluqda əsas məqsəd yüksək məhsuldarlığa nail olmaqdır. Qoyunlar daha çox seçici yem yeyən heyvanlardır. Onlar bütün bitkiləri yemirlər.