Qoyunlar geniş sahələrdə bərabər otarılmalıdır. Qoyunların çox irəli qaçmasına və geri qalmasına yol verilmir.
Cənub rayonlarında (isti günlərdə) qoyunların gecə otarılması təşkil edilməlidir. Yayda günəş şüalarının qoyunun gözünə və başına düşməsinin qarşısını almaq üçün otarılma elə təşkil edilməlidir ki, günəşin şüaları onların üzərinə arxadan və ya yandan düşsün.
8.4 Qoyunlara qulluq
Qoyunçuluqda həm heyvanın, həm də örüş və tövlənin təchizatında, saxlanma və heyvanların yemlənməsində gigiyenik tədbirlər önəmlidir.
Qoyunlar qulluq tələb edən heyvanlardır, xüsusilə arzuolunan bədən quruluşunun əldə olunması üçün onların bəslənməsi tələb olunur.
Burada digər işlərlə yanaşı, qoyunların qırxımı və dırnaqlara qulluq başlıca rol oynayır. Yunluq qoyunlar ildə azı bir dəfə qırxılmalıdır. Qoyunların qırxımı üçün ən uyğun vaxt yaz fəslidir. Onu da bilmək lazımdır ki, qoyunların dırnağı ayda 4-5 millimetr böyüyür. Qoyunların yaylağa aparılması ilə dırnağın qismən də olsa təbii aşınması baş verir. Lakin bu, kifayət etmir və dırnaqlar ildə üç dəfə kəsilməlidir. Qoyunların dırnaqlarına təcrübəli şəxslər tərəfindən müntəzəm qulluq onları yoluxucu və ağrıverici infeksiya xəstəliklərindən qoruyur.
Önəmli bəslənmə tədbirlərindən biri də dırnaqlara qulluqdur. Qoyunlar gəzməyi sevən, təmiz havada olmağa can atan heyvanlardır. Qoyunlar əsas yem payını yaylaqlardan götürürlər. Onlar gün ərzində təbii yem qəbulu üçün çoxlu məsafələr qət edirlər. Bütün bunların həyata keçməsi üçün qoyunların ayaqları, yəni dırnaqları mühüm rol oynayır. Dırnaqlar həddindən çox uzandıqda onların yeriməsi çətinləşir, yem və su qəbulunda əziyyət çəkirlər. Həmçinin dırnaqların çox uzanması onların zədələnməsinə və dırnaq çürüməsi və dabaq kimi digər infeksion xəstəliklərə tutulmalarına şərait yaradır. Xüsusilə yumşaq torpaqda qoyunların dırnaqlarının yeyilməsi az olur və dırnaq daha sürətlə böyüyür. Ona görə dırnaqlara nəzarətin, onlara qulluğun, məhsuldarlıq və təsərrüfatın mənfəəti baxımından, həm də heyvanın sağlamlığına görə müsbət təsiri var. Dırnağı qısaltmaq üçün dırnaq qayçısı, yaxud dırnaq bıçağından istifadə edilir, dırnaq kəsildikdən sonra dırnağın dezinfeksiyası vacibdir.
Qoyunlarda sağlamlığın qeydinə qalmaq mühüm rol oynayır. Burada müntəzəm olaraq nəzarət tədbirləri aparılmalıdır. Ona görə də heyvandarlıqla məşğul olan fermerlərin diqqəti həmişə təsərrüfatın üzərində olmalı, heyvanlara qayğı və yüksək diqqətlə yanaşılmalıdır. Təmizliklə yanaşı, aşağıdakılara diqqət yetirmək lazımdır: