Satışa kimi yunu havalı və quru yerdə saxlamaq tələb olunur. Hava keçirən torbalar (plastik torbalar istisna olmaqla) yunun saxlanması üçün düzgün seçim olar.
8.1.1 Yunun keyfiyyətinin yaxşılaşdırılmasına göstərilən sanitar-gigiyenik tələblər (qotur gənəsinə qarşı)
Yunun əsas keyfiyyəti onun möhkəmliyi və davamlılığı ilə xarakterizə edilir. Qış aylarında qoyunların yununda bir sıra neqativ amillər baş verir. Məsələn, cır yun əmələ gəlir, yunun möhkəmliyi azalır. Qış aylarında qoyunlar mineral yemlər və vitaminlər ilə təmin edilmədikdə onlarda, xüsusilə quzularda yun yemə vərdişi əmələ gəlir. Belə qoyunlar bir-birinin yununu yeyir.
Profilaktiki məqsədlə qoyunlara və quzulara quru ot, yerkökü, sümük unu, xörək duzu, ağacların zərif budaqları və yarpaqları verilir, gəzintinin müddəti artırılır, qaba və qüvvəli yemlər, xüsusilə kombinəedilmiş yemlər verilir. Qoyunlara tikanlı, gec biçilmiş toxumlu otun verilməsi də yunun keyfiyyətini pisləşdirir. Qoyunları qızdırma və qotur gənəsindən qorumaq üçün onlar vannalarda (OKV) çimizdirilir. Daimi quraşdırılmış çiləyici ilə bir saata 70 baş, səyyar (OPP) çiləyici ilə isə 300 baş qoyunu çimizdirmək olar. Çiləyici qurğuların tərkibinə 25 başlıq qəfəs, nasos, məhlulu isitmək üçün qazan, süzgəc daxildir.
8.2 Quzu və çəpişlərin süddən ayrılması zamanı təmizlik
Doğuma 20-30 gün qalmış doğum bölməsi təmizlənir, dezinfeksiya edilir, döşəməyə isti və quru döşənək (saman) səpilir. Doğum qurtardıqdan sonra quzulu qoyunlar 3-5 başdan ibarət qrup halında qəfəslərdə saxlanır. Belə qəfəslərdə hər baş qoyuna 1,4-1,5 m² sahə düşməlidir. Quzu doğulduqdan 0,5 saat sonra ona ananın ağız südü verilməlidir, sonra isə hər 2-4 saatdan bir əmizdirilməlidir. Qoyun doğduqdan 3-5 gün sonra quzusu ilə doğum şöbəsindən qrupla saxlanan şöbəyə keçirilir, 10-15 gündən sonra isti bölmədən xal-xala keçirilir. Quzular 5-ci gündən etibarən ana ilə birlikdə qısa müddətli (10-13 dəqiqə) gəzintiyə və otlağa aparılır.
10-15 gün ana südü aldıqdan sonra quzular 10 günlüyündə quru ot, silos pastası, yerkökü, şəkər çuğunduru yeməyə öyrədilir. Qarışıq yem ilk günlər hər baş quzuya 25 qram verilir, sonralar isə tədricən artırılır. Konsentrat yemə 5-10 q sümük unu, 3-5 q tabaşir, 2-4 q xörək duzu habelə vitaminlər və mikroelementlər qatılır. Vitaminli yem kimi quzulara balıq yağı, cücərmiş dən, iynəyarpaqlı bitkilərdən hazırlanmış un verilir.
8.3 Qoyun və keçilərin otlaqlarda saxlanılmasına göstərilən sanitargigiyenik tələblər
Qoyunlar otlaq şəraitinə hazırlanmalıdır və bir sıra sanitar-gigiyenik tədbirlər görülməlidir. Otlaq şəraitində qoyunları su ilə təmin etmək üçün su mənbələri qaydaya salınmalı, qoyunların suvarılması üçün avtosisterndən və səyyar su təknəsindən istifadə edilməlidir. Qoyunların gecələməsi və gündüz istirahət etməsi üçün otlaqlarda bazalar, yaxud yataqlar, habelə yüngül tipli binalar düzəldilir. Qoyunlar otlaq şəraitinə tədricən keçməlidir. Otarma müddəti yayda 12-14 saat, payızda 8-9 saatdır, otarma sürəti 200-300 metrdən az olmamalıdır.