Trixoqramma olduqca pis uçur. Onu nəzərə alaraq onları sahənin müxtəlif yerlərindən buraxmaq lazımdır. İlkin olaraq pambıq tarlasında 3-4 dişi fərd/100 bitki hesabı ilə yumurta qoyan zərərvericiyə rast gəlinərsə, buna qarşı 60000-70000 dişi fərd/ha, ikinci dəfə zərərvericinin daha çox dişi fərdi müşahidə edilərsə, sahəyə 100000-150000 dişi fərd/ha hesabı ilə trixoqramma buraxılır. Pambıq sovkasının digər parazitipərdəqanadlı kiçik həşərat habrobrakondur (Şəkil 4.45). Habrobrakon əvvəlcə tırtılı iflic edir, sonra yumurtanı onun üzərinə qoyur. Hər bir dişi fərd ömrü boyu 350-yə yaxın yumurta qoyur və bu dövr ərzində 240-a qədər tırtıl iflic edir. Habrobrakonun yumurtasından çıxan sürfələr tırtılın dərisini deşir və onun daxili möhtəviyyatı ilə qidalanır. Yoluxmuş tırtıllar 10-12 gün yaşayıb məhv olur. Sovkanın növbəti nəslinə qarşı tarlaya 0.5-2 min/hektar hesabı ilə kabrabrakan buraxılır. Digər bioloji mübarizə üsulu kimi tərkibində Bacillus thuringiensis bakteriyası olan biopreparatlardan (məsələn, dendrobasilin 2 kiloqram/hektar) istifadə olunmasıdır. Bacillus thuringiensis əksər zərərvericilərin paraziti hesab olunmaqla onların həzm orqanlarını məhv edərək öldürücü təsir göstərir. Proflaktika (qabaqlayıcı) məqsədilə, yaxud tarlada sovkanın tırtılları görsənərsə (100 bitkidə 5-6 tırtıl) 1-3 kiloqram/hektar biopreparat 400-600 litr suya qarışdırılıb çilənməlidir. Tərkibində bir çox zərərverici həşəratlara, xüsusən, sovkaya qarşı parazit mikroorqanizmlər olan digər biopreparat bitoksibasilin hesab olunur (sərfiyyat norması 3-4 kiloqram/hektar).