4.7.2. Pambıq bitkisinin əsas zərərvericiləri
Ölkəmizdə pambıq bitkisinin ən çox yayılmış zərərvericiləri pambıq sovkası, əməköməci (pambıq) güvəsi, tütün tripsi, mənənələr, hörümçək (tor) gənəciyi hesab olunur.
Pambıq sovkası. Pambığın ən təhlükəli zərərvericisi sovkadır (Şəkil 4.28). Pambıq sovkası (latın adı: helicoverpa armigera) pup halında əkin sahələrində qışlayır. Yazda torpağın temperaturu 16-200C olduqda puplardan kəpənəklər uçmağa başlayır. Kəpənəklər yenidən yumurta qoyur, yumurtadan tırtıllar əmələ gəlir, tırtıllar yarpağı və qozanı gəmirib yeyir (5 dəfə qabıq dəyişir və 6 kiçik yaş dövrü keçirir), sonra tırtıl pupa çevrilir və pupdan yeni nəsil kəpənəklər uçmağa başlayır (Şəkil 4.28). Bu şəkildə pambıq sovkasının fərdi inkişaf dövrü təkrarlanır. Sovkanın 1-ci nəslinin inkişafı pambığın qönçələmə fazasına düşür, iyun ayının ikinci ongünlüyündən başlayır və iyul ayının 3-cü ongünlüyünə qədər davam edir. 2-ci nəslin inkişafı iyulun 3-cü ongünlüyündən avqust ayının 3-cü ongünlüyünə kimi və 3-cü nəsil avqustun 3-cü ongünlüyündən başlayaraq sentyabrın axırına qədər davam edir.
Şəkil 4.28. Pambıq sovkası və onun fərdi inkişaf dövrü
Kiçik yaşda olan tırtıllar çiçəkləri yeyir, qönçələri deşir. Zədələnmiş çiçək və qönçələr tökülür. Orta və iri yaşda tırtıllar xırda və iri qozalarla da qidalanır. Zədələnmiş xırda qozalar tökülür. İri qozalar çürüyür.
Azərbaycanda bitki mühafizəsi üzrə ixtisaslaşmış mütəxəssislər tövsiyə edirlər ki, 100 bitkidə 5-6 kiçik yaşlı tırtıl, yaxud 20-25 zədələnmiş qönçə və 15-20 yumurta müşahidə edilərsə, sovkanın 1-ci nəslinə qarşı mübarizə aparılmalıdır. Pambıq sovkasının ikinci nəslinə qarşı 10-12 kiçik yaşlı tırtıl, yaxud 35-40 zədələnmiş qönçə və 35-40 yumurta olduqda mübarizəyə başlamaq lazımdır.