GİRİŞ
Hörmətli oxucu!
Ağ qızıl hesab edilən pambıq strateji bitkilərdən hesab olunur. Pambıqçılıq sahəsi əhalinin məşğulluğu baxımından və toxuculuq sənayesinin inkişafı ilə əlaqədar olaraq böyük xalq təsərrüfatı əhəmiyyətinə malikdir. Pambıq dünyada ən çox əkilən bitkilər sırasındadır. Ölkəmizdə də pambıqçılıq böyük inkişaf yolu keçmiş və tarixi ənənələri olmuşdur.
17 sentyabr 2016-cı il tarixdə Sabirabad rayonunda pambıqçılığın inkişafına dair keçirilən respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev belə demişdir: “Ulu öndər Heydər Əliyev pambıqçılığın inkişafına həmişə böyük önəm vermişdir. Təsadüfi deyil ki, bir vaxtlar Heydər Əliyevin zəhməti, səyləri nəticəsində pambığın istehsalı Azərbaycanda bir milyon tona qalxmışdır. Pambıqçılıq strateji əhəmiyyətli, əmək tutumlu və iqtisadi cəhətdən səmərəli istehsal sahəsidir. Bu məhsula dünyada böyük ehtiyac var. Pambıq elə məhsuldur ki, onun üçün bazar axtarmağa ehtiyac yoxdur. Biz pambıqçılığın şöhrətini bərpa edəcəyik. Bu həm insanlar, həm dövlət üçün böyük gəlir gətirən bir sahədir”.
Qeyd olunanlardan aydın olur ki, ölkəmizdə ağ qızılın əvvəlki nüfuzu özünə qaytarılır. Bu baxımdan bitkiçilik ixtisaslarında təhsil alan şagirdlər pambıqçılığın xalq təsərrüfatı əhəmiyyətini nəzərə alaraq bu bitkinin becərilməsi və məhsuldarlığının yüksəldilməsi üzrə bilik və bacarıqlara yiyələnməli və ölkəmizdə pambıqçılığın gələcək inkişafına öz töhfələrini verməlidirlər.
Pambıqçılıq modulunda pambığın xalq təsərrüfatı əhəmiyyəti, dünyada və ölkəmizdə pambıqçılığın inkişaf səviyyəsi, pambıq bitkisinin botaniki təsviri və həyat amillərinə münasibəti, ənənəvi və müasir pambıq sortları, onların becərilmə qaydası, pambığın becərilməsində müasir aqrotexnologiyalar, pambıq bitkisinin əsas xəstəlik və zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri, məhsul yığımı, pambıq emalı sənayesi və s. məsələlər ətraflı şərh edilmiş və mövzulara uyğun praktik tapşırıqlar verilmişdir.
Əziz oxucular! Bu modulda olan mövzuların tədris olunması nəticəsində Siz pambıqçılığın inkişaf yolları haqqında biliklər qazanacaqsınız və pambığın becərilmə qaydalarına dair bacarıqlara yiyələnəcəksiniz.