-
Arat və ya yuma aparılmış sahələrə toxum səpildikdə torpaqdakı nəmlik hesabına təxminən iyun ayının
ortalarına qədər pambığın suvarmaya o qədər də ehtiyacı olmur. Buna digər səbəb aprel-may aylarında
düşən yağıntıları qeyd etmək olar. Lakin qeyd olunan şərtlər istisna olmaqla, əgər güclü quraqlıq
hökm sürərsə, çiçəkləmənin başlanmasından əvvəl bir suvarma aparmaq lazımdır;
-
Mexaniki tərkibi yüngül, zəif olan və qrunt suları dərində yerləşən sahələrdə pambıq bitkisini qısa
intervallarla suvarmaq, suvarmaları erkən başlamaq və gec qurtarmaq lazımdır. Belə torpaqlar
çiçəkləməyədək 1-2 dəfə, çiçəkləmə və bar əmələ gətirmə dövründə isə 3-4 dəfə suvarılmalıdır;
-
Rütubət tutumu çox olan, qalın şum qatına malik torpaqlarda pambıq nisbətən az suvarılmalı, həm də suvarmalar bir qədər gec başlanılmalı və tez başa çatdırılmalıdır;
-
Qrunt suları 1.5-2 metr dərinlikdə yerləşən boz və çəmən torpaqlarında birinci suvarmanı çiçəkləmədən əvvəl və ya çiçəkləmənin başlanğıcında başlamaq, çiçəkləmə və bar əmələgətirmə dövründə isə 2-3 dəfə su vermək lazımdır;
-
Pambıq bitkisinin çiçəkləmə fazasında suya təlabatı daha çox artır. Bu dövrdə torpaqda olan nəmlik ehtiyatı və bitkinin suya təlabatı nəzərə alınmaqla birinci suvarmadan sonra 15 gün ara verilməklə növbəti suvarma aparılır. Lakin iyul-avqust aylarında havaların isti keçməsini nəzərə alaraq qeyd olunan suvarma aralığı 10 günə qədər qısala bilər;
-
Bar əmələ gəlmə dövründə qozaların yetişməsinin başlanğıcında bitkinin boy artımı zəifləyir, qozaların açdığı dövrdə isə bitkinin boy atması təmamilə dayanır. Lakin tez-tez sulama apardıqda bitkinin boy atması davam edir, kolda daha çox vegetativ kütlə əmələ gəlir, qozalar gec yetişir və kolda qozaların çox hissəsi açmadan yaşıl qalır. Pambığın son suvarılması kolda ümumi qozaların təxminən 5-10 faizi açdıqda aparılır və bundan sonra suvarma həyata keçirilməməlidir.
Pambıq sahəsində cərgəarası becərmələr iyul ayının sonunda (bitkinin budaqları cərgəaralarını örtdüyü vaxt) və vegetasiya suvarmaları avqust ayının ortalarında başa çatır.