Pambıq tarlasında vaxtından əvvəl və gec aparılan suvarmaların təsiri:
-
Bitkinin inkişafının ilk dövrlərində həddindən artıq və erkən aparılan suvarmalar
torpağın temperaturunu aşağı salır, onu kipləşdirir, torpaqda hava və qida rejimini
pisləşdirməklə mikroorqanizmlərin fəaliyyətini zəiflədir;
-
Belə hallarda bitkinin boyu qalxır, nazikləşir və yerə yatmağa meyl edir. Bu cür bitkilər
sonrakı dövrlərdə daha çox su tələb edir. Qısa bir müddət davam edən su çatışmazlığı
çoxlu bar orqanlarının tökülməsinə səbəb olur və nəticədə məhsuldarlıq azalır;
-
Pambığın çiçəklənməsinə qədər hər kolda 8-10 meyvə budağı əmələ gəlir. Məhsulun əsas
hissəsi bu budaqlarda əmələ gəlir ki, bu da birinci yığım məhsulunu təşkil edir. Bu
dövrdə suvarmanı elə təşkil etmək lazımdır ki, pambıq əlavə boy atmasın, çiçəkləmə
vaxtında başlasın və kolun aşağı yaruslarında əmələ gəlmiş bar orqanları tökülməsin;
-
Suvarmanın çiçəkləməyə qədər gecikdirilməsi öz mənfi təsirini göstərə bilər. Belə
hallarda bitkinin torpaqüstü hissəsinin inkişafı ləngiyir. Bitkidə qozalar gec əmələ gəlir
və onların yetişməsi gecikir. Məhsulun müəyyən hissəsi şaxtadan sonrakı yığım vaxtına
düşür ki, bunun da keyfiyyəti çox aşağı olur.
Yadda saxlamaq lazımdır ki, yalnız bitki düzgün suvarıldıqda:
-
Kök sistemi torpağın üst və dərin qatlarında mütənasib yerləşir,
-
Buna görə kolun boyu çox hündür olmayıb buğumaraları qısa, yaxşı bar verən və tez
yetişən olur.
Buradan aydın olur ki, düzgün suvarma və qida rejimi yüksək məhsul almaq üçün əsas
şərtdir.
Suvarma rejimi torpaq-iqlim şəraitindən, vegetasiya dövründən, bitkinin sort
xüsusiyyətlərindən, aqrotexniki tədbirlərdən və başqa amillərdən çox asılıdır.