4.5. Pambıq tarlasına gübrələrin verilməsi
Pambığın normal inkişafı üçün nəzərdə tutulmuş gübrə normasının bir hissəsindən vegetasiya dövründə yemləmə kimi istifadə olunmalıdır.
4. 5.1. Pambıq bitkisinin qida maddələrinə tələbatı
Pambıq bitkisi gübrələrə tələbkardır. Pambıq bitkisinin torpaqda olan azotdan istifadə əmsalı 50 faizə, fosfor üzrə 15-20 faizə, kalium üzrə 65-70 faizə bərabərdir. Buna görə də azot və fosfor gübrələrini bitkilərin tələb etdiyi miqdardan çox vermək məsləhət görülür. Verilən gübrələrin səmərəliliyi azotla fosforun düzgün nisbətindən xeyli asılıdır.
Pambıq əkilən rayonların torpaq tipi çox müxtəlifdir. Belə müxtəlif torpaqların özünəməxsus müxtəlif qida rejimi olduğundan burada əkilən pambığın gübrələnmə sistemi də müxtəlif olmalıdır. Gübrə normalarını torpaq xəritələrinə əsasən təyin etmək lazımdır. Yəni sahələrə verilən gübrələrin normalarını hesablayarkən torpaqda olan qida maddələrinin miqdarını da nəzərə almaq lazımdır. Vegetasiya dövründə pambıq bitkisinin qida maddələrinə olan ehtiyacını adi gözlə də müəyyən etmək olar. Bunun üçün pambıq bitkisində müxtəlif qida elementlərinin çatışmazlığının əlamətlərini bilmək lazımdır (Şəkil 4.15).
Şəkil 4.15. Pambıq bitkisində əsas qida elemenlərinin çatışmazlığının əlamətləri
Ümumiyyətlə, pambıq bitkisinin inkişafını idarə etməkdə qidalanma sistemi əsas amildir. Azotun çoxluğu bitkinin boyatmasını sürətləndirir, yaşıl kütləni artırır və məhsul çox gec yetişir. Pambıq fosforla qidalandırıldıqda daha çox bar orqanları əmələ gəlir, yetişmə sürətlənir və həddən artıq boyatmanın qarşısı alınır. Deməli, pambığın inkişafının ilk dövrlərində qüvvətli vegetativ hissənin əmələ gəlməsi üçün bitkiyə azot gübrəsi çox verilməlidir. Pambığın barvermə dövründə isə azot norması aşağı salınır, fosfor norması artırılmalıdır.