Kultivatorun qarşı-qarşıya olan işçi orqanları cərgədə bitkilərarası məsafədə olan alaqları məhv edir və bitkinin dibini yumşaldır. Növbəti bitkiyə çatanda işçi orqanlar aralanır (pambığı kəsməmək üçün), yenidən qarşı-qarşıya birləşdirilərək becərmə aparılır.
Adətən, pambıq tarlasında birinci becərməni mayın 15-20-dək, ikincini isə iyunun 5-10-dək qurtarmaq lazımdır. Bu becərmələr suvarma başlanana kimi keçirilməlidir. Sonrakı kultivasiyalar və kətmənləmələr hər vegetasiya suvarmasından 3 - 4 gün sonra torpaq yetişən vaxt aparılır. Bu işlər vaxtında görülməlidir və torpağın qurumasına yol verilməməlidir.
Pambıq tarlasında birinci cərgəarası becərmənin bitkinin ilk inkişaf fazasında aparılır. Burada 6-8 santimetr dərinlikdə dayaz kultivasiya həyata keçirilir. Bunun əsas səbəbi bitkinin ilk inkişaf dövründə kök sisteminin o qədər də dərinə işləyə bilməməsidir.
Pambıq tarlasında birinci cərgəarası becərmənin əhəmiyyəti:
Becərmələrin ilk dövrlərində kultivatorun işçi orqanları ilə torpaq 8-10 santimetr (bitkilərə yaxın ilk işçi orqan isə 6-8 santimetr) dərinlikdə yumşaldılır (Şəkil 4.8). Sonrakı kultivasiyalarda isə becərmə dərinliyi tədricən artırılmalıdır (kənar işçi orqanlar 8-10 santimetr, ortadakılar 12-14 santimetr). Əvvəlki iki kultivasiyanın dayaz çəkilməsi torpaqda hələ zəif inkişaf etmiş köklərin zədələnməsinin qarşısını alır.