4.2. Pambığın cərgəaralarında aparılan torpaq becərilmələri və alaqlara qarşı mexaniki mübarizə
Vegetasiya dövründə pambıq cərgəaralarında aparılan torpaq becərmələri kultivasiya aparılmaqla cərgəaralarının yumşaldılması və alaq otlarının məhv edilməsi, bitkinin dibinin toxalanması və suvarma şırımlarının açılmasından ibarətdir (Şəkil 4.1).
Münasib şərait olduqda (12-14 dərəcə Selsi) çiyid 7-10 gündən sonra cücərir. Cücərtilərin normal inkişafı tətbiq edilən aqrotexnika və temperatur ilə sıx əlaqədardır. Cücərtilər torpaq səthinə çıxandan 7-10 gün sonra birinci əsl yarpaq əmələ gəlir. Temperatur aşağı olduqda bu müddət uzanır. Bu dövrdən qönçələmə fazasınadək bitki çox zərif olur, yavaş-yavaş boy verir. Ona görə də həmin dövrdə alaqlarla ciddi mübarizə aparılması, cərgəarasının vaxtında yumşaldılması bitkinin inkişafını sürətləndirən əsas tədbirlərdəndir. Xüsusən, soyuq keçən yaz aylarında yaxşı becərmə həlledici amildir.
Cücərti torpaq səthinə çıxanda onun mil kökü torpağın 8-10 santimetr, birinci əsl yarpaq əmələ gələndə, yəni bitkinin boyu 6-7 santimetr olduqda mil kök torpağın 25-30 santimetr dərinliyinə gedir. Bu zaman yan köklərin uzunluğu 12-15 santimetrə çatır. Qönçələmə fazasında bitkinin kökü 60 santimetr, çiçəkləmə fazasında isə 120 santimetrə qədər dərinliyinə gedə bilir.
Becərmədə əsas tədbirlərdən biri kultivasiyadır (Şəkil 4.1). Kultivasiya zamanı cərgəaraları yumşaldılır, suvarma şırımları çəkilir, torpaqda hava və rütubət rejimi nizamlanır, alaqlar məhv edilir, köklərin dərinə işləməsinə və inkişafına şərait yaradılır. Bu tədbirə cərgədə bitkilər görünən zaman başlanılmalıdır. Becərmələrin ilk günlərində alaq otları getdikcə güclənib pambığı sıxlaşdırır. Pambığın ilk inkişaf dövründə tarlada ən çox faraş (erkən yaz) və körpə yazlıq (yazın ortaları və sonu) alaqlar yayılır. Pambıq tarlasında ən çox qızıl pencər, adi və çəhrayı qanqal, türpəng, tarla sarmaşığı, sarmaşan qarabaşaq, unluca, dəstərək, ilişən qıllıca, adi pıtraq, zəncir otu və s. kimi alaqlar yayılır (Şəkil 4.2, Şəkil 4.3, Şəkil 4.4, Şəkil 4.5, Şəkil 4.6).