Səpin üçün toxumlarının hazırlanması iki mərhələyə bölünür: birincisi pambıq zavodlarında və ikincisi təsərrüfatlarda görülən işlərdir.
Əsas işlər pambıq təmizləyən zavodlarda aparılır. Burada xam pambıq ilk emaldan keçir, yəni cin maşınlarından buraxılır və lif toxumdan ayrılır. Sonra isə linter maşınından (linterləmə) buraxılır ki, bu zaman toxumun üzərində qalan əlavə liflər və bir qədər pəmpəaltı götürülür. Xam pambıq cin və linter maşınlarından keçdikdən sonra tüklü və tüksüz çiyidlər əldə edilir (Şəkil 3.8). Adətən, ortalifli pambıq sortlarının əksəriyyəti tüklü, zəriflifli pambıqlar isə tüksüz toxum verir.
Pambıq çiyidini xəstəlik və zərərvericilərdən və torpaqda çürüməkdən qorumaq üçün kimyəvi preparatlarla dərmanlayırlar.
Əksər hallarda səpin üçün pambıq çiyidi kimyəvi preparatlarla dərmanlanır və qranuladraje şəklində hazırlanır. Tüklü toxumun tüksüzləşdirilməsi (mexaniki və ya kimyəvi üsullarla pəmpəaltından təmizlənməsi) və qranula (hər hansı bir materialla draje edilməsi) edilməsi nəticəsində toxumsəpici aparatın disklərindən asan keçir və toxum borusundan torpağa maneəsiz düşür. Eyni zamanda qranulaşdırılmış toxumlarla səpin aparıldıqda torpaqda toxumun çürüməsinin və xəstəlik və zərərvericilərlə yoluxmasının qarşısı alınır.
Toxumların dərmanlanması quru və ya yarım nəm üsulla aparılır. Quru üsulda hommoz və kökçürümə xəstəliklərinə qarşı mübarizə məqsədilə tüklü toxumlar tozvari preparatlarla (mis trixlorfenolyat) qabaqcadan dərmanlanır. Bunun üçün hər ton toxuma 7 kiloqram preparat sərf olunur.
Yarım nəmli üsul ilə adi tüklü və təbii tüksüz toxumları mürəkkəb preparat sayılan fenturamla dərmanlayırlar. Bu dərman kompleks təsirə malik olmaqla bir çox bakterial və göbələk xəstəliklərinə qarşı əhəmiyyətlidir. Bundan başqa, fenturam pambığın toxumunun səthində olan vertisilum və fuzarium xəstəliklərinin törədicilərini məhv edir.
Pambıq toxumu xüsusi toxum dərmanlayan maşında su ilə nəmləndirilir, sonradan bunkerdən preparat daxil olur və hərlənən şneklə nəmlənmiş toxum preparatla qarışdırılır. Preparatı toxuma normadan artıq vermək olmaz, belə ki o, məhvedici təsir göstərir. Odur ki, hər ton toxumu 12 kiloqram fenturamla dərmanlamaq məqsədəuyğundur. Dərmanlanmış toxumları kağız torbalarda saxlamaqla üzərinə "dərmanlanıb, zəhərlidir" ştampı vurulur. Onlar bu formada səpin üçün istehsal olunur.
Mexaniki üsulla dərmanlamada tüksüzləşdirilmiş toxumların üzərinə fenturamın maye halda suspenziyası çilənir. Adətən, 1 ton toxuma 36 litr suspenziya sərf olunur. Bu zaman iki hissə suspenziya bir hissə su ilə qarışdırılır.
Səpilən toxumu kənd təsərrüfatı bitkilərinin zərərvericilərindən qorumaq üçün tüklülülük dərəcəsindən asılı olaraq 100 kiloqram toxuma 250-350 qram Hüsan preparatını 2 litr suda həll edib çiləmək məsləhətdir.