Buradan aydın olur ki, götürülən toxum nümunələrinin müəyyən müddətdə (7-10 gün) cücərmə qabiliyyətləri eyni olmalarına baxmayaraq, qısa müddət ərzində daha çox cücərti 2-ci toxum nümunəsindən alınmışdır və bu toxum daha keyfiyyətli hesab edilir. Çünki həmin toxumla səpin aparsaq, sahədə qısa vaxt ərzində daha çox çıxış alınacaq. Bu da toxumun torpaqda çox qalmaması və çürüməməsi üçün olduqca əhəmiyyətlidir.
Cücərmə qabiliyyətindən asılı olaraq pambıq toxumları səpin keyfiyyətinə görə üç sinfə bölünür:
1-ci sinfə cücərmə qabiliyyəti 95 faizdən aşağı olmayan;
2-ci sinfə 90 faizdən aşağı olmayan;
3-cü sinfə isə cücərmə qabiliyyəti 85 faizdən aşağı olmayan toxumlar aid edilir.
Yüksək sinifdən olan toxumlar səpildikdə eyni vaxtda və tam qiymətli cücərtilər alınır, həmçinin, toxum xərci azalır.
Toxumun cücərməsi onun yetişkənlik dərəcəsindən və dolğunluğundan asılıdır. Şaxtaya qədər yetişmiş və açılmış qozalardan alınan toxumlar yaxşı cücərmə qabiliyyətinə malik olmaqla yüksək cücərmə faizi (85 faizdən yuxarı) verir. Əksinə, yetişməmiş toxumların cücərmə faizi aşağı olur.
Toxumun nəmliyi xüsusi əhəmiyyət kəsb edir. Yüksək nəmliyə malik olan toxumların cücərmə faizi aşağı olmaqla yanaşı, onlar anbarlarda saxlandıqda xarab olaraq çürüyür. Toxumun nəmliyi əl ilə yığılan pambıq toxumlarında 9-10 faizdən və maşınla yığılanlarda isə 10-11 faizdən çox olmamalıdır.
Toxum təmizliyi dedikdə götürülmüş nümunədə çəki hesabı ilə mexaniki zədələnmiş və xarab çiyidin, alaq toxumları və digər mexaniki zibillərin (daş, çör-çöp, yarpaq-qərzək qırıntıları və s.) miqdarı başa düşülür. Məsələn, 100 qram pambıq çiyidində 5 qram zibil qarışığı olarsa (mexaniki zədələnmiş, xarab çiyid, alaq toxumları, daş, çör-çöp, quru yarpaq-qərzək qırıntıları və s.), bu, onu göstərir ki, həmin toxum materialının təmizliyi 95 faiz təşkil edir. Toxum təmizliyini aşağıda verilmiş düstur ilə hesablamaq olar.
Toxumun təmizliyi (A) və cücərmə qabiliyyətinə (B) əsasən onun təsərrüfat yararlılığı (T) müəyyən olunur və aşağıdakı kimi tapılır:
Düstur 3.1. Təsərrüfat yararlılığının hesablanması