Ağır torpaqlarda səpinqabağı becərmə üçün münasib alət birinci iki tirinə yastı kəsici pəncələr, sonrakı iki tirinə dişlər bərkidilmiş ağır malalardır. Alaq otlarının malalarla daranıb toplanmış kökümsov gövdələri tarladan çıxarılıb yandırılmalıdır. Səpinqabağı becərmədə azot gübrəsi normasının (təsiredici maddə hesabı (t.e.m.) ilə 110-120 kiloqram) üçdə bir hissəsi verilməlidir. Mineral gübrələrin sahədə bərabər paylanması üçün gübrəsəpən aparatdan istifadə etmək lazımdır.
3.3. Pambıq çiyidinin səpinə hazırlanması
Pambıq tarlasında keyfiyyətli çıxış almaq üçün əsas tədbirlərdən biri toxumun səpinə hazırlanmasıdır. Bunun üçün əvvəlcə keyfiyyətli toxum materialı əldə edilməli və sonra həmin toxum qaydalara əməl olunaraq səpinə hazırlanmalıdır (çiyidin tüksüzləşdirilməsi, tüklü çiyidlərin tez şişirdilməsi və cücərti alınması üçün isladılması, toxumun xəstəlik və zərərvericilərə qarşı dərmanlanması və s.).
3.3.1. Toxuma qoyulan aqrotexniki tələblər
Əziz şagirdlər! Belə bir el məsələli vardır: “keyfiyyətli toxum bol məhsulun rəhnidir”. Bu baxımdan yüksək məhsul almaq üçün keyfiyyətli pambıq çiyidi əkmək lazımdır. Toxum materialına müəyyən aqrotexniki tələblər qoyulur ki, onlar dövlət standartına cavab verməlidir. Standarta uyğun olan toxumlara kondisiyalı toxumlar deyilir və səpin üçün yalnız onlar işlədilir.
Bu gün ölkəmizdə yerli və xarici pambıq sortları əkilir. Lakin təsərrüfatlarda sertifikatları (keyfiyyət göstəriciləri) olan toxumlardan istifadə edilməlidir. Həmin sertifikatlarda toxumun keyfiyyət göstəriciləri təsvir olunur. Toxumun keyfiyyət göstəricilərinə aşağıdakılar daxildir:
Bu məqsədlə 1 reproduksiyaya aid (təmizliyi 99 faiz) 1-ci sinifdən (cücərmə qabiliyyəti 95 faiz) olan toxumlardan istifadə edilməlidir. Reproduksiya toxumun yaş göstəricisidir. Məsələn, hər hansı bir yeni sort əkilir və ondan birinci il alınan toxum 1-ci nəsil və ya I reproduksiya hesab olunur). Cücərmə qabiliyyəti və təmizlik isə keyfiyyət göstəricisi hesab olunur. Toxumun cücərmə faizi (qabiliyyəti) toxum materialının əsas keyfiyyət göstəricisidir. Toxumların cücərmə faizi eyni bir müddətdə 100 ədəd çiyiddən cücərənlərin faizlə miqdarıdır. Məsələn, 100 ədəd çiyiddən 95 ədəd cücərərsə, onda həmin toxumun cücərmə qabiliyyəti (faizi) 95 faiz təşkil edir.
Toxumun cücərmə enerjisi isə toxumun çox hissəsinin qısa müddət ərzində (məsələn, 3-4 gün ərzində) cücərmə qabiliyyətidir. Fərz edək ki, iki ayrı-ayrı toxum nümunəsi vardır və onların hər ikisinin cücərmə qabiliyyəti 98 faiz təşkil edir. Lakin bu toxumların hansının daha keyfiyyətli olmasını müəyyən etmək üçün onlar cücərmə enerjisinə görə qiymətləndirilir. Fərz edək ki, hər iki nümunə üzrə 100 ədəd çiyid götürülmüş, 3 gün ərzində 1-ci toxum nümunəsində 80 ədəd, 2- ci toxum nümunəsində isə 85 ədəd cücərən toxum müşahidə edilmişdir.