3.2.2. Pambıq tarlasında səpinqabağı torpaq becərilmələrinin aparılması
Torpağın əsas becərilməsindən səpinə qədər olan müddətdə müəyyən ardıcıllıqla yerinə yetirilən becərmə üsullarının cəmi torpağın səpinqabağı becərilməsi adlanır.
Torpağın səpinqabağı becərilməsinin düzgün sistemini müəyyən edərkən respublikanın pambıq əkilən zonalarının müxtəlif torpaq şəraiti nəzərə alınmalıdır. Səpinqabağı becərmə müxtəlif zonaların xüsusiyyətlərinə müvafiq olaraq aparılır və əsas əməliyyatlar kultivasiya və malalamadan (yüngül torpaqlarda əlavə olaraq vərdənələmə-sıxlaşdırma də aparılır) ibarətdir:
Bu qeyd olunan aqrotexniki tədbirlər yerinə yetirilmədikdə gözlənilən nəticə alına bilməz. Bu məqsədlə müxtəlif torpaq şəraitinə uyğun becərmə alətlərindən istifadə etməklə torpaqdakı rütubət ehtiyatı qorunub saxlanılır. Həmçinin, üzvi maddələrin daha yavaş parçalanması üçün yumşaldılmış xırda topavari strukturaya (quruluşa) malik torpaq qatı yaradılır. Səpinqabağı becərmədən sonra səpin vaxtı toxumlar sıxlaşmış torpaq üzərinə düşür və bu torpağın şaquli kaplyarları ilə toxumlara aşağıdakı qatlardan rütubət yaxşı çıxır. Toxumun üstünü örtən yumşaldılmış torpaq qatı isə tez isinir və havanı özündən yaxşı keçirir. Nəticədə toxumların tez və bərabər cücərməsi üçün çox əlverişli şərait əmələ gəlir.