Kolu yığcam, piramida formalı, hündürlüyü 100-110 santimetr, gövdəsi möhkəm, yerə yatan deyildir, orta dərəcədə tükcüklüdür. Birinci simpodial budaqların əmələ gəldiyi hündürlük gövdənin 5-6-cı buğumuna düşür. Yarpaqları orta böyüklükdə, 3-5 dilimli, açıq-yaşıl rəngdədir. Yarpağın orta dilimi ürəkvaridir. Çiçəyi orta böyüklükdə olub ləçəkləri açıq-sarı rəngdədir. Qozası iri, yumru və yumurtavari formalı, buruncuqsuz və ulduzcuqsuzdur. Toxumu orta böyüklükdə, bir qədər də tükcüklüdür. 1000 toxumun kütləsi 120-122 qramdır.
Sortun vegetasiya dövrünün uzunluğu 128-130 gündür. “C-4727” sortundan 8-10 gün tez yetişir. Bu əlamətlərinə görə “30-38” sortuna bənzəyir. Orta məhsuldarlığı 44-45 sentner/hektardır. Lifin uzunluğu 34-34.5 millimetr, lif çıxımı 37-38 faizdir, 1 qozasından çıxan pambığın kütləsi 6-6.5 qram, möhkəmliyi 4.7 qq-dır, zərifliyi 5800-5850 milliteks, nisbi qırılma uzunluğu 27.5 qq/teksdir. Viltə davamlı sortlar qrupuna aiddir. Bu sortun lifi toxuculuq sənayesində dördüncü tipə müvafiqdir. 1990-cı ildən rayonlaşdırılmağa başlanılmışdır.
Ağdaş-3. Bu sort 1983-cü ildən rayonlaşdırılıb. Kolu piramida formalı, hündürlüyü 90-95 santimetrdir, adətən, bir, bəzən isə iki monopodial (boy budağı) budaq əmələ gətirir. Əsas gövdəsi qırmızı-qəhvəyi rəngli, orta dərəcədə tükcüklü, yerəyatmağa qarşı davamlıdır. Simpodial (meyvə) budaqları II-III tipə aiddir. Birinci meyvə budağı əsas gövdənin 5-6-cı buğumundan çıxır. Yarpaqları 3-5 zəif dilimli, orta böyüklükdə, ət kimi yumşaq, açıq-yaşıl rəngdədir, orta dilimli kütdür. Çiçəyi orta böyüklükdə, ləçək və tozcuqları sarı rəngdədir. Çiçəkaltlıqları uzun və 13-15 dişiciklidir. Qozası iri və azacıq ovaldır. Toxumları orta böyük-lükdədir. 1000 toxumunun kütləsi 120-125 qram, lifaltlığı (linteri) açıq-qəhvəyi rəngdədir. Vegetasiya müddəti 130-135 gündür. Ağdaş-3 sortunun məhsuldarlığı 25-30 sentner/hektar təşkil edir. Bir qozadan çıxan xam pambığın kütləsi 5.6-6.5 qramdır. Lifi IV tipə aid edilir. Lifinin uzunluğu 33-33.5 millimetr, lifin möhkəmliyi 4.8 qq-dır, zərifliyi (xətti dolğunluğu) 5500-5600 mteks, lifin qırılma uzunluğu 26-27 qq/teksdir. Bu sort viltə davamlı deyildir, ilk inkişaf mərhələsində xəstəliyə tutulur.
3.2. Pambıq əkini üçün torpağın hazırlanması
Pambıq əkiləcək torpağın hazırlanması bir-biri ilə qarşılıqlı surətdə əlaqədar olan əsas və səpinqabağı becərmələrdən ibarətdir. Torpağın əkinə hazırlanması zamanı əsas və səpinqabağı becərmə sistemi pambıq əkilən zonaların torpaq-iqlim xüsusiyyətləri nəzərə alınmaqla tətbiq olunur.