2.2.7. Pambıq lifi
Lif - toxumun qabığının xarici epidermis hüceyrələrinin hər birinin, əsasən, uzununa güclü böyüməsinin cəmidir. Deməli, hər ayrıca lif bir hüceyrədir. Lifaltlığı da (pəmpə) toxumun qabığının xarici epidermis hüceyrəsindən inkişaf edir, ona görə də o da bir hüceyrəlidir, lakin o, uzununa çox az inkişaf etmiş olur. Lifin inkişafı hələ çiçəkləmə vaxtından başlayır, qoza açılana kimi davam edir. Gələcəkdə lif olacaq epidermis hüceyrələri əvvəlcə gərilir, sonradan sürətlə uzanmağa başlayır. Bu uzanma müddətində hüceyrənin diametri dəyişmir. Beləliklə, tam uzanmış lif içərisi hüceyrə şirəsi ilə dolu uzun borucuğa bənzəyir. Bu qalınlaşma, xüsusən, çiçəkləmədən 25-30 gün keçmiş, yəni lifin tam uzunluğu alındıqdan sonra sürətlənir. Lifin divarlarının qalınlaşması burada sellüloz təbəqələrinin əmələ gəlməsi ilə başlayır. Sellüloz təbəqələri artdıqca lifin möhkəmliyi də artır. Qozanın yuvalarında yetişən lif və çiyidin həcmi artdıqca və liflər sıxlaşıb açıldıqca dərhal quruyur və pardaqlanır.
Lifdə bir çox əlamətlər vardır ki, bunlar toxuculuq sənayesi üçün əhəmiyyətlidir. Həmin əlamətlərə lifin texnoloji əlamətləri deyilir. Buraya lifin qıvrılma dərəcəsindən başqa, uzunluğu, zərifliyi (buna başqa adla lifin metrik nömrəsi də deyirlər), möhkəmliyi, qırılma uzunluğu və s. aiddir (Şəkil 2.8).
2.2.8. Çiyid
Çiyid pambıq bitkisinin toxumudur. Onun üzəri liflərlə örtülü olur. İnkişafı iyun-iyul aylarında sürətlə getdiyi halda avqustda yavaşlayır, payıza doğru daha yavaş gedir. Çiyid gödək tüklərə bürünmüş olur. Bu tükləri lifaltlığı da (pəmpə) adlandırırlar. Bəzi sortların çiyidi ya azacıq tüklü, yaxud tam tüksüz, yəni çılpaq olur. Belə sortlara çılpaq toxumlu sort deyilir. Çiyid inkişafının 25-30-cu günündə özünün axırıncı forma və böyüklüyünə gəlib çatır. Bundan sonra onun yetişməsi davam edir.