2.2.3. Yarpaqlar
Pambıq bitkisində iki növ yarpağa rast gəlinir. Onlardan biri ləpəyarpaqlar (və ya filqəyarpaq) və digəri isə həqiqi yarpaqlardır (Şəkil 2.3). Filqə yarpaqlar rüşeymlə birlikdə pambıq toxumunun içərisində olur (Şəkil 2.2). Rüşeym torpaqda kök atdıqdan sonra filqə yarpaqaltı dirsək (hipokotil) böyüyərək yay kimi əyilib üzərində olan torpaq layına müqavimət göstərir və yerin üst səthinə çıxmağa cəhd edir. Sonra ləpəyarpaqaltı dirsək partlamış toxumun qabığını ləpəyarpaqları ilə birlikdə torpaq səthi üzərinə çıxarır və düzəlməyə başlayır. Ləpəyarpaqlar sadə, tam kənarlı, böyrək formada, saplaqlı olur. Onların rəngi yaşıldır.
Pambıq bitkisinin yarpağı saplaqdan və yarpaq ayasından ibarətdir. Yarpaq ayasının saplağa keçən yerində saplaq oyuğu yerləşir ki, bu da yarpağa ürəkvari şəkil verir. Yarpaqlar gövdə üzərində növbə ilə düzülərək spiral forma əmələ gətirir. Bir kolda yarpaq ayasına tam kənarlı və müxtəlif sayda, dilimli formada təsadüf edilir. Dilimlərin forması müxtəlif sort və növlərdə müxtəlifdir.
2.2.4. Budaqlar
Pambıq bitkisində əsas budaqlar gövdə üzərində olan həqiqi yarpaq qoltuqaltında formalaşan tumurcuqdan əmələ gəlir. Birinci iki-üç yarpağın qoltuqaltında olan tumurcuqlar yatmış olur və onlardan budaqlar əmələ gəlmir. Çox təsadüfi hallarda bu tumurcuqlar oyana bilir və budaq verir, lakin inkişaf edə bilmir, zəif qalır və üzərilərində yalnız xırda yarpaqlar əmələ gəlir. Ləpəyarpaqların qoltuğunda da budaqlar əmələ gələ bilir. Lakin bu, çox təsadüfi hallarda müşahidə olunur. Pambıq bitkisinin gövdəsi üzərində, əsasən, iki cür budaqlar əmələ gəlir ki, onlar monopodial (boy) və simpodial (bar) budaqlar adlanır. Monopodial budaqlar əsas gövdənin aşağı hissəsində inkişaf edir, simpodial budaqlar isə meyvə budağı olmaqla (üzərində bar orqanları olan), boy budaqlarında yuxarıda və əsas gövdənin üzərində olan yarpaqların qoltuğundan çıxır.
Monopodial budaq əsas qoltuqaltı tumurcuqdan əmələ gəlir, bitkinin gövdəsindən iti bucaq altında çıxır, boy tumurcuğu hesabına uzanır və inkişaf edir. Bu budaq bir tumurcuqdan əmələ gəldiyinə görə “monopodial” (yunanca “bir pilləli”) adı verilmişdir. Monopodial budaq vegetativ tumurcuqla bitir və budağın qurtaracağında yarpaq əmələ gəlir. Monopodial budaq düz olmaqla simpodial budağa nisbətən qüvvəlidir. Monopodial budaqların üzərində yarpaqlar əsas gövdədə olduğu qayda üzrə, yəni spiral (vint) xətt formada yerləşərək növbə ilə əmələ gəlir.
Simpodial budaq əsas gövdədən təxminən düz bucaq altında ayrılır. Birinci buğumarası (dirsək) simpodial budaq öz inkişafını əsas gövdədə olan yarpağın qoltuqaltı tumurcuğundan başlayaraq çiçək tumurcuğu yaranana qədər davam etdirir. Təzə çiçək tumurcuğu yarandıqda yenidən yarpaq tumurcuğu əmələ gəlir. Çiçək tumurcuğu ilə yanaşı, birinci buğumarasının axırında yarpaq yaranır. Bu yarpağın qoltuqaltda olan tumurcuqlarından biri inkişaf edərək ikinci buğumarasını yaradır ki, bu da budağın davamı hesab olunur və birinci buğumarasında olduğu kimi çiçək tumurcuğu ilə qurtarır, onun da yanında yenə yarpaq əmələ gəlir. Bu yarpağın qoltuğu altında olan tumurcuqlardan biri yenə də inkişaf edir, budağı davam etdirir və budağın qurtaracağında çiçək tumurcuğu və yarpaq əmələ gətirir.