Xam pambıq-təmizlənməmiş çiyidli pambıq (Şəkil 1.3) zavodda emal edilərkən ondan aşağıdakı nisbətdə məhsul əldə edilir:
➢ Mahlıc | 35-36 faiz; |
➢ Çiyid | 60-61 faiz; |
➢ Pambıq linti (pəmbəsi) | 2-2.5 faiz; |
➢ İtki | 1-1.5 faiz. |
Pambıq bal verən bitki olduğu üçün arıçılığın yem bazası kimi də əhəmiyyət kəsb edir. 1 hektar pambıq sahəsindən arılar 300 kiloqrama qədər bal toplaya bilir.
1.3. Pambıqçılığın xalq təsərrüfatında rolu və pambıq bitkisindən alınan məhsullar
Pambıqçılıqla məşğul olan rayonların iqtisadiyyatında bu bitki mühüm rol oynayır. 1 ton xam pambıqdan 330-360 kiloqram lif, 560-580 kiloqram toxum alınır. Bu qədər lifdən 3.5-4.0 min m2 parça, bu qədər toxumdan isə 110-112 kiloqram yağ, 240-270 kiloqram jmıx, 15-20 kiloqram sabun hazırlamaq olar.
Pambığın məhsullarından sənayedə, tibdə, strateji sahələrdə və digər sahələrdə geniş istifadə edilir.
Pambıq bitkisindən 200-dən çox müxtəlif məmulatlar alınır ki, xalqımız onu haqlı olaraq “ağ qızıl” adlandırmışdır. Pambığın 1-ci əsas məhsulu olan lifdən dəsmal materialı, viskoz, satin, trikotaj, çit, alt paltar, ştapel, daranmış mahlıc, aptek pambığı, lint, müxtəlif saplar, iplik, fibra, sellofan, qaytan, sellüloz, kağız və s. istehsal olunur (Şəkil 1.4). Pambığın ikinci əsas məhsulu olan çiyiddən yağ, piy, sabun, qliserin, habelə heyvandarlıqda qüvvəli yem kimi istifadə edilən jmıx və çiyid qabığı (şulka və ya şeluxa) alınır. Lifi alınmış pambıq toxumunun sənaye üçün çox böyük əhəmiyyəti vardır. Pambıqçılığın ilk dövrlərində çiyidin yalnız az bir hissəsindən toxum kimi istifadə edilirdi, qalan hissəsi isə gərəksiz tullantı hesab olunurdu. İndi az bir hissəsindən toxum materialı kimi və əsas hissəsindən isə yağ və müxtəlif məhsullar almaq üçün istifadə edilir. Pambıq bitkisinin növündən asılı olaraq toxumun tərkibində 18-dən 20 faizə qədər yağ vardır. Pambıq yağından həm yemək, həm də texniki məqsədlər üçün istifadə edilir. Təmizlənmiş pambıq yağı çox yüksək qidalılıq keyfiyyətinə malik olduğu üçün digər bitki yağları ilə eyni qiymətədir. Buna görə də ondan konserv sənayesində geniş həcmdə istifadə edilir. Pambıq yağından süni piy və marqarin hazırlanır. Pambıq yağından həmçinin, texniki işlər üçün qliserin, stearin və bir sıra başqa məhsullar alınır. Texniki məqsəd üçün istifadə edilən yağdan sabun istehsal edilir. Çiyidin nüvəsindən zəhərli maddə olan qossipol (C30 H30 O8) ayrılır ki, ondan polimerlər, laklar, istiliyə dözən örtüklər, dərmanlar, boyalar və digər məmulatlar hazırlanır. Yağ zavodunun tullantısı olan qossipol mazutu (simola, qudron) istiliyə çox davamlı olduğu üçün əritmə sənayesində müəyyən forma və istiyədavamlı laklar emal edilir.