Xam pambığın məhsulu yığılır, ilkin emal olunaraq çiyiddən ayrılır (Şəkil 5.10), təmizlənir, qurudulur və bazara satış üçün mahlıc (lif) şəklində çıxarılır.
Pambıq təmizləmə zavodlarında xam pambığın ilk emalı aşağıdakı ardıcıllıqla yerinə yetirilir:
Pambıqdan emal olunduqdan sonra ondan alınan mahlıc və çiyid birbaşa satışa çıxarılır, yaxud digər emal proseslərinə uğrayaraq müxtəlif məhsullar formasında bazara təklif olunur.
Tekstil (toxuculuq) sənayesində pambıq mahlıcı emal olunaraq ondan paltar üçün parça, sap, kəndir, balıq tutmaq üçün əşyalar, qayışlar (zavod, fabrik və digər makinalar üçün), rezin borular üçün xüsusi toxumalar, partlayıcı maddələr, foto və kinolentlər, laklar, yüksək növ kağızlar və digər məhsullar hazırlanır.
Pambığın ikinci əsas məhsulu onun çiyididir (yəni toxumu). Pambıq çiyidi çox qiymətli xammal olub həm toxum kimi səpində, həm də sənayedə digər məqsədlər üçün istifadə olunur. Pambıq çiyidinin dəyəri onun tərkibində olan yağdır. Pambığın sort və növündən asılı olaraq toxumun tərkibində 17-27 faiz və daha çox yağ vardır. Pambıq yağında bir çox zülallar, boyalar, qatranlar və s. olur.
Sənayedə pambıq çiyidi emal olunaraq ondan yağ, piy, sabun, qliserin və habelə heyvandarlıqda qüvvəli yem kimi istifadə edilən jmıx və şeluxa alınır. Pambıq toxumu yağ zavodunda yağ üçün emal olunduqda üst qabığı - şeluxa (şulka), sıxılmış nüvə hissəsi isə jmıx üçün ayrılır.
Liflərdən iplik hazırlanmasına əyrilmə prosesi deyilir (Şəkil 5.11). Tikiş sapı, trikotaj və toxuculuq məmulatları hazırlamaq üçün müxtəlif naziklikdə olan qısa liflərdən eşilmə vasitəsilə alınan sapa iplik deyilir.