Bioloji məhsuldarlıq aşağıdakı məqsədlər üçün öyrənilir:
Pambıq tarlasında bioloji məhsuldarlıq (proqnozlaşdırılan) aşağıdakı qaydada müəyyən olunur: pambıq yığımından əvvəl tarlanın müəyyən yerlərində (ən azı 5 yerdə) 1-2 metr uzunluqda nümunə götürmək üçün punktlar (cərgənin müəyyən hissəsi) müəyyənləşir. Həmin punktlar tarlanın bitki ilə sıx və seyrək yerlərindən qarışıq şəkildə seçilməlidir (Şəkil 5.7). Həmin punktda olan kollar və onların üzərində olan bütün qozalar sayılır (açmış və açmamış birlikdə). Sonra sahənin fərqli yerlərində müxtəlif kollardan 100 açmış qoza yığılır, onlardan alınan xam pambıq bir yerə toplanır, tərəzidə çəkilir və alınmış rəqəm götürülmüş qozaların sayına, yəni 100-ə bölünür və bir qozada olan xam pambığın qramla orta çəkisi müəyyən edilir.
Rəqəmlər məlum olduqdan sonra müvafiq hesablamalar aparılır və nümunə olaraq cədvəl 5.1.-də göstərilən qaydada qeyd olunur.
Misal üçün fərz edə ki, cərgəarası 90 santimetr, cərgədə bitkiarası məsafə isə 10 santimetr olmaqla pambıq əkilmişdir. Yığımdan əvvəl pambıq tarlasının 5 müxtəlif yerlərində 2 metr uzunluğunda punktlar seçilmiş, hər bir punkt üzrə cərgədə olan pambıq kolları və onların üzərində olan ümumi qozalar sayılmışdır. Sonra tarlanın müxtəlif yerlərindən 100 açmış qoza yığılmış və bir qozada olan xam pambığın orta çəkisi tapılmışdır. Alınmış nəticələr Cədvəl 5.1.-də qeyd olunmuşdur.