Son dövrlərdə pambıq tarlasında defoliasiya məqsədilə Finish (tərkibində təsiredici maddə: Etefon + Siklanilid 540 qram litr, sərfiyyat norması 1.5-2 litr hektara), Butifos (sərfiyyat norması 2.5 kiloqram hektara), Dropp (sərfiyyat norması 0.5-0.7 kiloqram hektara), Hidrel (tərkibində təsiredici maddə 2-xloratetilen fosfor turşusu, 6-8 litr hektara), Buttilaks (sərfiyyat norması 3-4 kiloqram hektara) və s. kimyəvi preparatlardan istifadə olunur. Bundan başqa, ənənəvi defolianlardan hesab edilən maqnezium xlorat (tərkibində təsiredici maddə 58-66 faiz, sərfiyyat norması 8-14 kiloqram hektara), kalsium xlorat-xlorid (tərkibində təsiredici maddə 42 faiz, sərfiyyat norması 20-25 kiloqram hektara) kimi kimyəvi preparatlar da geniş tətbiq olunur. Qeyd olunan preparatlardan işçi məhlul hazırlanır. Bunun üçün həmin preparatların hektara sərfiyyat norması qədər götürülür, təyyarə ilə çiləndikdə hektara 100-150 litr suya, traktor çiləyiciləri ilə çiləndikdə isə hektara 400-600 litr suya qarışdırılır və çilənir (Şəkil 5.2).
Şəkil 5.2. Pambıq tarlasında defoliasiya
Adətən, işçi məhlulun təsirli olması üçün onlar dəqiq etalon normalarla hazırlanır. Məsələn, bəzən kimyəvi preparatın istifadə qaydalarında qeyd olunur ki, bu preparatdan 0.5 faizli işçi məhlul hazırlanıb sahəyə çilənməlidir. Fərz edək ki, 1 hektar sahəni isladacaq su norması 400 litr təşkil edir. Onda bu su normasına uyğun 0.5 faizli işçi məhlul hazırlamaq üçün hektara 2 kiloqram kimyəvi preparat lazım gəlir. Hesablama aşağıdakı tənasüb vasitəsilə aparılır: