Ölkəmizin müxtəlif torpaq-iqlim şəraitinə malik pambıqçılıq rayonlarında, adətən, qozaların açılması avqust ayının sonu, sentyabr ayının əvvəlinə təsadüf edir. Pambıq mövsümündə hava şəraiti əlverişli keçdikdə ölkəmizin müxtəlif torpaq-iqlim şəraitinə malik pambıqçılıq rayonlarında birinci məhsul yığımı sentyabr ayının 1-ci və ya 2-ci ongünlüyünə təsadüf edir.
Ölkəmizin bəzi pambıqçılıq rayonlarında payız yağıntıları bir qədər tez düşür. Bu zaman qozaların kütləvi açılmasını gözlədikdə əvvəl açılmış qozalar yağış və küləyin təsirindən yerə tökülür. Belə rayonlarda əllə yığıma pambıq kolunda ən azı 4 qoza açıldıqda başlana bilər. Bu baxımdan birinci yığımda əldə olunan pambıq keyfiyyətli hesab edilir (Şəkil 5.1).
5.2. Pambıq məhsulunun yığılma texnikası
Pambıq məhsulunun yığılma texnikasına aşağıdakılar daxildir:
5.2.1. Tarlanın pambıq yığımına hazırlanması
İstər maşınla, istərsə də əllə pambıq yığımının səmərəliliyini yaxşılaşdırmaq üçün tarlada bir çox hazırlıq işləri yerinə yetirilir. Sahə alaqlı olduqda və kol üzərində yarpaq çox əmələ gəldikdə həm yığıcıların, həm də kombaynın pambıq cərgəaralarında hərəkəti çətinləşir və yığılmış məhsul zibilli olur.
Tarlanın pambıq yığımına hazırlanması üçün aşağıdakı tədbirlər həyata keçirilir: