Mübarizə tədbirləri: Dərin dondurma şumu edilməli, torpaq mütəmadi yumşaldılmalı və kultivasiya aparılmalıdır ki, həşəratın yuvaları dağılsın. Aldadıcı yemlərdən istifadə edilməli, həşərat mexaniki qaydada toplanıb zərərsizləşdirilməlidir. Amiyaklı sudan mübarizə məqsədilə istifadə etmək olar. Şəxsi həyətyanı sahələrdə həşəratı toplayıb məhv etmək üçün 0,5 metr dərinlikdə aldadıcı çalalar qazıb ora peyin (xüsusilə, at peyini) tökmək lazımdır. Bu zaman danadişi özünə sığınacaq tapmaq üçün çalalara toplanır. Çalalarda müşahidə aparılaraq toplanmış danadişilər dərhal məhv edilir.
Həmçinin, şüşə banka, polimer və digər qabların 2/3 hissəsinə su töküb torpaq səthi səviyyəsində sahəyə basdırmaqla danadişini asanlıqla aldadıb sadə üsulla - tələyə salmaqla məhv etmək olur.
Yaz vaxtı sahələrin bir çox hissəsində kiçik peyin komaları düzəldilir ki, həşəratlar oraya toplanıb yumurta qoysun. Bir ay keçdikdən sonra komalar dağıdılır və zərərverici kimyəvi üsulla və yaxud yandırmaqla məhv edilir.
Danadişiyə qarşı 10 faizli Sumi-alfa preparatından (Şəkil 4.77) hazırlanmış aldadıcı yemlə mübarizə aparılması ən səmərəli tədbirlərdən sayılır.
Aldadıcı yemlər bişirilmiş buğda, arpa, qarğıdalı dəni, kəpək, ovulmuş çörək və jmıxın hər kiloqramına yuxarıda qeyd edilən preparatdan 20-30 qram miqdarında qarışdırmaqla hazırlanır. Aldadıcı yemlərin hər kiloqramına 0,7 qram Reqent preparatı (Şəkil 4.78) əlavə edib ondan diametri 1 santimetr olan diyircək formasında yem düzəldib sahəyə səpməklə də danadişini məhv etmək olar. Yumruların basdırılmasına bir neçə gün qalmış əkin sahəsinin hər hektarına 50-60 kiloqram aldadıcı yem səpilərək torpaq səthi malalanmalıdır.