Mübarizə tədbirləri: Torpaqda bu zərərvericinin miqdarını əkindən əvvəl təyin etmək üçün ilk növbədə 10 hektar sahədən 8 nümunə, 50 hektardan 12, 100 hektardan isə 5-10 santimetr dərinlikdən 16 nümunə götürülür. Əgər 1 kvadrat metr sahədə 6 ədəd məftil qurdu müşahidə olunarsa, dərhal mübarizə tədbirlərinə başlanmalıdır.
Kartofu uzun illər xam torpaqlarda, otlaq və çəmənliklərdə birinci şumdan sonra əkmək arzu olunmur. Belə ki birinci şumdan sonra məftil qurdlarının bir hissəsi mexaniki zədələnmədən, digər hissəsi torpağın üst qatına düşərək nəmliyin çatışmazlığından, qalan hissəsi isə quş və digər canlılar tərəfindən məhv edilir. Nəticədə ikinci şum edilərkən onların miqdarı torpaqda xeyli azalır.
Yazda cərgəaralarına doğranmış ot və samandan ibarət aldadıcı yem qarışığı tökülür və nəticədə buraya toplanmış zərərvericilər məhv edilir. Həyətyanı və kiçik sahələrdə kartofdan, çuğundur və digər kökümeyvəlilərin tullantılarından ibarət aldadıcı yem hazırlanır. Yazqabağı aldadıcı yemlər kartof əkininə 10-15 gün qalmış 5-7 santimetr dərinlikdə və 0,5-1 metr məsafədə torpağa basdırlır. Sonra hər 2-3 gündən bir bu komalar yığılaraq içərisində olan məftil qurdları məhv edilir. Bu tədbirlər ekoloji cəhətdən səmərəlidir və az xərc tələb edir. Məftil qurdu ilə güclü sirayətlənmiş sahələrdə sələf bitkisi kimi zərərvericinin təsirindən zədələnməyə az məruz qalan paxlalı bitkilərin əkilməsi tövsiyə edilir.
Zərərvericinin ən çox yayıldığı bölgələrdə kartof toxumları mütləq qauço preparatı ilə (1 ton toxuma 125 qram hesabı ilə) əkinqabağı darmanlanmalıdır. Digər tərəfdən hər hektara 15-20 kiloqram bazudinlə, diazinonla (Şəkil 4.73) və yaxud 20-25 kiloqram miqdarda dursban insektisidilərinin (Şəkil 4.74) biri ilə yazda əkinqabağı torpağın dərmanlanması da mühüm tədbirlərdən sayılır.