4.2.3.4. Məftil qurdları
Kartof əkinlərinə ən çox ziyan vuran zərərvericilərdən biri də məftil qurdlarıdır. Bu təhlükəli zərərvericilər növündən asılı olaraq torpaqda 3 ildən 5 ilədək yaşaya bilir. Məftil qurdları, adətən, torpağın üst qatında olur, həddən artıq nəmliyə dözmür və torpaq səthi qurumağa başladıqda yenidən nəm təbəqəyə doğru hərəkət edir. Zərərverici inkişafının ikinci ili yumrulara daha kütləvi ziyan vuraraq kartofun əmtəəlik keyfiyyətini, xarici görkəmini korlayır və məhsuldarlığını aşağı salır (Şəkil 4.71).
Yeni yumrular formalaşan dövrədək məftil qurdları bitkinin kökünü zədələyir, nəticədə bitki saralır və soluxur. Zərərverici yumruların lət hissəsini yeyərək orada çoxsaylı dar yollar açır (Şəkil 4.72). Zədələnmiş yumrular əmtəəlik keyfiyyətini itirir, güclü zədələnmə nəticəsində cücərmə prosesi zəifləyir, bitki göbələk və bakterial çürümə xəstəliklərinə daha tez tutulur.
Məftil qurdunun sürfələri kartofdan başqa dənli - taxıl, tərəvəz və digər bitkilərə də zərər vurur.
Böcəklərin bədən quruluşu yığcam formada olub növündən asılı olaraq uzunluğu 10-15 millimetrə çatır. Əsasən, tünd-boz rəngdə olur. Sürfələri silindr şəklində olub sarı və yaxud açıq-qonur rəngə çalır. Yaşlı sürfələrin uzunluğu 15-25 millimetr olur.
Bir dişi böcək aprel-iyun aylarında alaq otları üzərinə, bitki tullantılarına, peyinə 0,5 millimetr ölçüdə 120-200 ədəd yumurta qoya bilir. 12-15 gün sonra yumurtalardan sürfələr çıxır və onların inkişaf dövrü 3-4 il davam edir.