Toxumaların sağlam və sirayətlənmiş sərhədlərində çoxlu ağ nəmli örtüklər nəzərə çarpır və buraya xeyli miqdarda nematod toplanır. Yumruların səthi həddən artıq nematodla sirayətləndikdə gözcükləri də məhv edir.
Nematod yumruları 0,5-1,0 santimetr dərinliyədək zədələyir və zədəli yumrulardan sağlam yumrulara çox asanlıqla keçə bilir (Şəkil 4.69). Xüsusilə, saxlanma zamanı yumrular nematodla yoluxmaya daha çox məruz qalır.
Payızda havanın temperaturu və nəmliyi yüksəldikdə zərərvericinin inkişafı daha intensiv xarakter alır.
Yaşlı nematodun uzunluğu 1-1,3 millimetr, eni 0,025-0,03 millimetr olur. Erkək və dişi növləri xarici görünüşünə görə bir-birindən az fərqlənir. Yumurtaları olduqca kiçikdir və uzunluğu 0,006 millimetrdir.
Nematod, əsasən, əkin materialı ilə və bəzən də torpaq vasitəsi ilə yayılır. Nematodun fəal hərəkət edən formaları bitki ilə qidalanmadıqda uzun müddət yaşaya bilmir və nəticədə məhv olur. Zərərvericinin inkişafı 5 dərəcədən 34 dərəcəyədək temperatur şəraitində davam edir. Ağır gillicəli və gilli torpaqlarda daha sürətlə yayılır. Nematodla güclü sirayətlənmə nəticəsində kartofun məhsuldarlığı bəzən 80 faizədək azala bilir. Bitki hətta öz əkildiyi yuvasında yumrular əmələ gəlmədən məhv olur və nəticədə köklər tamamilə sıradan çıxır.
Mübarizə tədbirləri: Nematodlara qarşı ilkin mübarizə tədbirləri sələf bitkilərin düzgün seçilməsindən və nematodla yoluxmamış sahədə əkin keçirilməsindən ibarətdir.
Belə ki ərzaqlıq üçün nəzərdə tutulmuş kartof yumruları öz əvvəlki əkildiyi sahəyə 4 ildən sonra, toxumluq kartof isə 5 ildən sonra qaytarıla bilər. Bu zaman əkilməyən hər il torpaqda nematodun miqdarı 33 faizədək azalır. Nəzərə alınmalıdır ki, kartofla eyni fəsildən olan pomidor, badımcan və quşüzümü fəsiləsinə aid olan digər bitkilər də nematoda yoluxur. Odur ki, bu bitkilərin kartofla növbələşməsinə yol verilməməlidir.