4.2.3. Kartofun zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri
Kartof bitkisinin yerüstü kütləsi, yumruları su və qida maddələri ilə zəngin olduğu üçün uzun müddət müxtəlif növ zərərvericilərin mənfi təsirinə məruz qalır.
Bitkinin əkildiyi əksər ölkələrdə ən çox yayılmış zərərvericiləri kolorado böcəyi, kartof nematodu, məftil qurdları, adi danadişi, payızlıq sovka, yastıbığlı (xırıldaq) böcək, kartof güvəsi, parabüzən xallı böcək, yaşıl şəftəli mənənəsi və böyük şəftəli mənənəsidir. Qeyd olunan zərərvericilər kartofun yerüstü kütləsini, gövdəsini zədələyir, kökünü və kökyumrularını gəmirərək bitkiyə xeyli ziyan vurur. Belə ki 1 kvadrat metr torpaqda məftil qurdunun 5-6 ədəd sürfəsi olarsa, bu, kartof yumrularının 80 faizinin zədələnməsinə səbəb ola bilər.
Kartofun zərərvericilərinə qarşı mübarizədə növbəli əkinə düzgün riayət edilməsi ən vacib şərtlərdən biridir. Belə ki torpaq digər bitki əkinləri altında olduqda bu növ zərərvericilərdən xeyli təmizlənir. Əgər kartof əkini zamanı 1 kvadrat metrdə 5 ədəd zərərverici müşahidə olunarsa, sahə dərhal 10 faizli Bazudin preparatı ilə (hektara 15-20 kiloqram), 10 faizli Diazinonla (hektara 15-20 kiloqram), 5 faizli Dursbanla (25-50 kiloqram) dərmanlanmalıdır. Eyni zamanda əkinqabağı kartof yumruları Qauço funqisidi ilə 1 ton toxuma 125 qram hesabı ilə dərmanlanmalıdır.
4.2.3.1. Kolorado böcəyi (Leptinotarsa deccmlineata Say)
Kolorado böcəyi Azərbaycanda geniş yayılan ən təhlükəli zərərvericilərdən biri olub hər il kartof əkini sahələrinə küllü miqdarda ziyan vurur. Bu həşərat, əsasən, kartof əkinləri üçün daha təhlükəli olduğundan xalq arasında bəzən onu kartof böcəyi da adlandırırlar (Şəkil 4.65).
Qışı keçirmiş böcəklər əvvəlki kartof əkilən torpaqlardan (torpağın temperaturu 14-150C olduqda) aprel ayının sonu mayın əvvəlində çıxaraq sahəyə yayılmağa başlayır. Onun yumurtaları aprel-may aylarında, sürfələri isə iyundan sentyabradək müşahidə olunur. Yeni əmələ gəlmiş böcəklər iyun ayında görünməyə başlayır. Bəzi bölgələrdə əlverişli hava şəraitində yumurta qoyma və sürfələrin inkişafı böcəyin qışlaması dövrünədək davam edir.
Qışlamadan çıxmış böcəklər müəyyən müddət bitki hissələri ilə qidalandıqdan sonra mayalanaraq yumurta qoymağa başlayır. Böcəklər optimal temperatur (250C) şəraitində bütün gün ərzində bitki ilə qidalanır. Bir dişi fərd 150 kvadrat santimetrdən az olmamaqla yarpaq səthi ilə qidalandıqdan sonra (təxminən 3 gündən sonra) yumurta qoymağa başlayır.