4.2.2.15. Aşağı temperatur şəraitində yumruların zədələnməsi
Kartofun yığım vaxtının gecikdirilməsi, soyuq hava şəraitində yığılması və saxlanma yerlərində temperatur rejiminin pozulması xeyli məhsul itkisinin yaranmasına səbəb olur.
Soyuq hava şəraitində yığım keçirdikdə və saxlanma zamanı aşağı temperaturda yumruların donma təhlükəsi yaranır.
Tam donmuş yumruların donu açıldıqda dərhal yumşalır, sulanır və boşalaraq yararsız vəziyyətə düşür.
Zəif donma nəticəsində ölmüş toxumalar bənövşəyi, qonur rəngə çevrilir və sağlam toxumaların sərhəddində tünd rəngli mantar təbəqəsi əmələ gəlir. Məhv olmuş toxumaların rəngi tündləşir, qara ləkə formasını alır. Əgər yumrular dərindən donarsa, ətli hissədə boz, qəhvəyi və qara ləkələr əmələ gəlir.
Soyuğun mənfi təsirinə məruz qalmış kartof yumrularını yuxarı temperatur şəraitində saxladıqda yaş çürümə xəstəliyinə daha tez tutulur və yararsız vəziyyətə düşür.
Kartof yumrularının soyuq vurması -1-00C temperaturda, donması isə -1, -50C temperaturda baş verir.
Mübarizə tədbirləri: İlk növbədə kartof yığımını şaxtalar düşənədək başa çatdırmaq lazımdır. Digər tərəfdən yığılmış kartof məhsulunun gecə vaxtı açıq yerdə və soyuq hava şəraitində saxlanmasına yol verilməməlidir.
Saxlanma vaxtı optimal temperatur, nəmlik şəraiti yaratmalı və temperaturun +10C-dən aşağı düşməsinə yol verilməməlidir. Şaxtaya məruz qalmış yumrular qızdırılmayan yerlərdə, zirzəmilərdə, şaxtalarda, açıq brutlarda saxlanmaqla tədricən yem və emal məqsədləri üçün istifadə edilməlidir.
4.2.2.16. Yumruların qaralması
Bu xəstəliyin əlamətlərini yalnız kartof yumrularını kəsdikdən sonra müəyyənləşdirmək mümkündür. Xəstələnmiş yumruların daxili ətli hissəsində halqavarı şəkildə və tam əhatə olunmuş formada boz və qara ləkələr əmələ gəlir (Şəkil 4.63). Halqavarı şəkildə qaralma baş verdikdə bəzən onu halqavarı çürümə xəstəliyinə də bənzədirlər. Lakin halqavarı çürümədən fərqli olaraq yumrular qaralarkən boşalmır, əksinə hüceyrələrdən ayrılmış sərbəst nişasta hesabına toxumalar bir qədər də möhkəmlənir. Güclü qaralma nəticəsində isə toxumalarda qonur ləkələr əmələ gələrək bərkiyir və mantarlaşır.