Yumruların çıxış verdiyi gözcüklər nazik olduğu üçün sapa bənzəyir. Xəstəliyin təsirindən analıq yumrularda, adətən, çürümə getmir, lakin qida maddələrinin toplanması zəifləyir.
Bəzən yumrularda torlu nekroz da əmələ gəlir. Quraqlıq vaxtı və isti hava şəraitində xəstəliyin inkişafı gizli formada davam edir.
Mübarizə tədbirləri: Kartof əkinlərinin düzgün növbələşdirilməsi, alaq otlarının mütəmadi məhv edilməsi, toxumluq sahədən xəstə bitkilərin təmizlənməsi, kartofun, əsasən, suvarılan bölgələrdə əkilməsi təmin edilməlidir. Kartof yumrularının formalaşdığı dövrdə suvarmanın düzgün aparılması, məhsul yığımına 8-14 gün qalmış kartofun yerüstü kütləsinin biçilməsi, zərərsizləşdirilməsi də virus xəstəliyinin daşıyıcılarına qarşı aparılan mübarizədə mühüm tədbirlərdən sayılır.
4.2.2.14. Yumruların yaşıllaşması
Yaşıllaşma prosesi kartof yumrularının üzərinə təbii, süni işıq şüalarının düşməsi, becərmə işləri apararkən yumruların üstünün açılması, yığımın gecikdirilməsi və saxlanma qaydalarına düzgün əməl edilməməsi nəticəsində baş verir.
Yaşıllaşma dərəcəsi yumruların üzərinə düşən günəş şüalarının miqdarından və müddətindən asılıdır (Şəkil 4.62).
Yaşıllaşma nəticəsində yumrularda zəhərli solanin alkoloidi toplanır ki, bu da insan orqanizmi üçün zərərlidir. Yumrularda solaninin miqdarı 10 milliqram olduqda kartofun dad keyfiyyəti pisləşir, 20 milliqramdan artıq olduqda isə qidalanma zamanı zəhərlənmə halları baş verə bilir.
Mövcud standartlara əsasən faraş və gecyetişən kartof sortlarında yaşıllaşmış sahə yumruların səthinin dörddə bir hissəsindən artıq olmamalıdır. Solaninin miqdarı bundan artıq olduqda məhsul ərzaq üçün yararsız sayılır və ondan yalnız spirt, nişasta emalı və əkin materialı kimi istifadə edilə bilər.