Kartofun saxlanma yerləri təmiz olmalı, zərərsizləşdirilməli və saxlanma rejiminə düzgün riayət edilməlidir. Saxlanmağa qoyulmazdan əvvəl yumrular Maksim (Şəkil 4.45) (0,2 kiloqram/ton), Tekto (Şəkil 4.46) (60–90 qram/ton), toxumluq üçün ayrılmış əkin materialı isə Kolfuqo super (Şəkil 4.43) (200–300 qram/ton) funqisidlərinin biri ilə dərmanlanmalıdır. Əkindən əvvəl toxumların 70 faizli Topsinin sulu məhlulu ilə (100 kiloqram yumruya 300 qram) çilənməsi də tövsiyə olunur.
4.2.2.11. Vertisilioz soluxma (Verticillium albo-atrum-rein)
Bu xəstəliyə, əsasən, böyük kartof əkini sahələrində daha çox rast gəlmək olur (Şəkil 4.56). Xüsusilə, uzun sürən quraqlıq, xəstəliyin inkişafını sürtələndirir və bəzi hallarda kartofun məhsuldarlığını 40 faizə qədər aşağı sala bilir. Xəstəliyin təsirindən əvvəlcə gövdə üzərində olan yuxarı yarpaqlar saralır, sonra isə açıq-sarı haşiyə ilə əhatə olunmuş qonur rəngli ləkələr əmələ gəlir. İsti hava şəraitində yarpaqlar quruyaraq tökülür, nəmli havada isə gövdə üzərində soluxmuş vəziyyətdə qalır. Yarpaq saplağında və soluxmuş yarpaqların əsas damarlarında tünd-boz örtüklü təbəqələr əmələ gəlir. Nəticədə bitkinin gövdəsi də məhv olur.
Kökün və gövdənin en kəsiyində ötürücü boruların tündləşməsi müşahidə olunur (Şəkil 4.57). Kartof yumruları boşalır, yumşalır, qabığı kobudlaşır və rəngi tündləşir.
Yığımdan sonra yumrular bərkiyir və ətli hissəsində sarımtıl ləkələr əmələ gəlir. Saxlanma zamanı yumrular quru çürümə xəstəliyinə daha tez tutulur.
Xəstəliyin törədici göbələkləri yarım parazit həyat tərzi keçirərək zəif inkişaf etmiş və ya hər hansı bir səbəbdən zədələnmiş bitkilərin kök sisteminə daxil ola bilir. Xəstəliyin törədicisi sayılan fuzarium oksiporumla zədələnmiş yumrular yasəmən iyi verir.